İstehlaka yararsız 260 kq ərzaq malı məhv edilib
30 May 2012 Çərşənbə 02:48
Bir çox ticarət obyekti isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə olunacaq.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən monitorinqlər zamanı Bakının Nərimanov rayonundakı "Amil market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Həmçinin Xəzər rayonundakı "Abşeron market"də, Nərimanov rayonundakı Ə.Rəcəbli prospekti, ev 11 ünvanında İlqar Fətiyevə, F.Yusifov küçəsi, ev 69 ünvanında Xəyal İsmayılova məxsus mağazalarda, Xırdalan şəhərində Adil Sərkərova məxsus mağazada, Abşeron rayonunda Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 42, mənzil 2 ünvanında Zəhra Həsənovaya məxsus mağazada, Nizami şəhərindəki "Fast food" kafesində, Xaçmaz rayonunun Çiləgir kəndində Məsumə Xudaverdiyeva məxsus mağazada, Ağdam rayonundakı Evoğlu kəndində Səkinə Quliyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 260 kiloqramlıq yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DOSTLARINLA PAYLAŞ: