Əfşar Süleymani: “Gənc şairlər İranda bir neçə səbəbdən saxlanıla bilərlər”.
İran İslam Respublikası ərazisində müəmmalı şəkildə saxlanılan Azərbaycan vətəndaşlarının aqibətini araşdırmaqda davam edirik. Bu ölkəyə şeir festivalına yola düşmüş iki şairimizin həbs edilməsindən 1 ay 8 gün keçir. Gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda hansı səbəbdən saxlanması barədə qarşı tərəfdən hələ də heç bir rəsmi məlumat açıqlanmayıb.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani hesab edir ki, gənc şairlər İranda bir neçə səbəbdən saxlanıla bilərlər. İlkin ehtimal kimi keçmiş səfir turist kimi gedən Azərbaycan vətəndaşlarının İranda keçirilən hər hansı dövlət tədbirində rəsmi qurumların xəbəri olmadan iştirak etməsi versiyasını irəli sürür.
Ə. Süleymani təcrübəsinə əsasən deyir ki, onlar İranda səbəsiz yerə saxlanmayıblar: “Ola bilsin ki, hər hansı tədbirdə şühbə doğuran kiminləsə əlaqə qurublar, danışıblar, bu da diqqət çəkib, onlarla da danışmaq istəyiblər”.
“Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevin fikrincə isə İranla Azərbaycan arasında sadələşdirilmiş viza rejimi mövcud olduğundan Azərbaycan vətəndaşlarının dövlət tədbirində rəsmi qurumların xəbəri olmadan iştirak səbəbindən saxlanılması mümkünsüzdür.
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə hesab edir ki, Azərbaycan vətəndaşlarının saxlanması İran-Azərbaycan münasibətlərindəki gərginliyin bir epizodudur.
N. Məmmədov deyib ki, təəssüflər olsun ki, belə hallar iki ölkə arasında tez-tez baş verir: “Azərbaycan tərəfindən dəvətlə gedən insanlar orada zindana atılır. Bunlar bir epizod olsa da, dövlət siyasətinin tərkib hissəsidir”.
Xatırladaq ki, gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də Poeziya Festivalında iştirak etmək üçün getdikləri İranda saxlanıblar. İran tərəfi bu şəxslərin saxlanmasını rəsmi olaraq təsdiqləmir. Rəsmi Bakının göndərdiyi sorğulara isə İran tərəfi hələ də cavab vermir.