Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur başa çatdı
14 May 2012 Bazar Ertəsi 00:38
Növbəti ildə veloturda iştirak edəcək ölkə və idmançıların sayının artacağı gözlənilir.
Ötən gün Bakının Azadlıq meydanında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotura yekun vurulub. Mayın 9-da başlayan veloturun sonuncu günündə beşinci mərhələnin yarışları keçirilib. Pelaton 123 kilometr məsafə qət edib. Belə ki, hər idmançı 12,3 kilometirlik marşrut üzrə 10 dəfə dövrə vurub.

Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qazaxıstanlı Hurbolat Kulimbetov 2 saat 57 dəqiqə 16 saniyə göstərici ilə qalib gəlib. Rusiya idmançısı Gennadi Tatarninov ikinci, kot`de vuarlı velosipedçi İssiaka Çisse isə üçüncü olub. Ümumi komanda hesabında Rusiyanın “İtera Katyuşa” klubu birinci pillədə qərarlaşıb.

Sprint yarışında Maksim Vasiliyev (Ukrayna), dağlıq ərazidə yürüş zamanı göstəricilərinə görə Bəxtiyar Kozatayev (Qazaxıstan) qalib gəliblər. Beş günün nəticəsinə əsasən əlcəzairli Yusif Requiqui rəqiblərindən üstün olub, Tural İsgəndərov isə ən yaxşı Azərbaycan idmançısı seçilib.


Yarış başa çatdıqdan sonra “Hilton Bakı” mehmanxanasında mətbuat konfransı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) prezidenti Fazil Məmmədov bu cür yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu, veloturun yüksək səviyyədə təşkil olunmasında Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirib və turnirin əhəmiyyətindən danışıb. F.Məmmədov analoji yarışın ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü çərçivəsində də təşkil olunacağını diqqətə çatdırıb və bu istiqamətdə Beynəlxalq Velosipedçiler İttifaqı (UCİ) ilə danışıqlar aparıldığını söyləyib. “UCİ rəhbərliyi ölkəmizdə keçirilən yarışın yüksək səviyyədə təşkil olunmasından razı qalıb və Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Növbəti ildə veloturda iştirak edəcək ölkə və idmançıların sayının artacağı gözlənilir”.

Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün lazımı infrastrukturun olduğunu bildirən AVİF-nin rəhbəri bütün bunların ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının əyani sübutu olduğunu deyib.

UCİ-nin prezidenti Patrik Mak Quayd Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu xüsusi vurğulayıb, veloturun əhəmiyyətindən danışıb. O, turnirin yüksək səviyyədə təşkil olunduğuna görə, ölkə rəhbərliyinə və AVİF-yə təşəkkürünü bildirib. Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşdüyün bildirən P.Mak Quayd ölkə başçısı ilə idmanın bu növünün respublikamızda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Mətbuat konfaransında bildirilib ki, ölkəmizdə məşhur “Tur de Frans”, “Djiro de İtaliya” kimi “Tur de Azerbaijan”ın keçirilməsi nəzərdə tutulur. Bu turnirin keçirilməsi üçün hər cür şəraitin olduğu və yarışın marşrutunun hər il dəyişdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, turnirin ilk günü qadınların şəxsi yarışında Azərbaycan idmançısı Yelena Çalıx, kişilər arasında birinci mərhələdə Rusiyanın “İtera Katyuşa” klubu qələbə qazanmışdı. Turnirin ikinci mərhələsində ispaniyalı Dieqo Rubeo Ernenandes, üçüncü mərhələdə rusiyalı Dmitri Vernidub və növbəti mərhələdə isə Gennadi Tatarninov (Rusiya) qələbə qazanıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar