Həqiqi hərbi xidmətə çağırış başlayıb
02 İyul 2012 Bazar Ertəsi 11:09
Həqiqi hərbi xidmətə çağırış başlayıb. Çağırış prosesi bir ay davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, iyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. Çağırış prosesi bir ay davam edəcək.

Sərəncama əsasən, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2012-ci il iyulun 1-dən 31-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 19-da Azərbaycan vətəndaşlarının 2012-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar