Göygöl də sel suları altında qaldı
09 İyul 2012 Bazar Ertəsi 22:20
Göygöl şəhəri də sel suları altında qaldı. Təbii fəlakət əksər evləri suya qərq edib.
Leysan xarakterli yağış nəticəsində Göygöl rayonunu da sel suları basıb. Təbii fəlakət əksər evləri suya qərq edib. Hazırda evlər sel sularından təmizlənir.

Sel suları daha çox Göygöl rayonunun mərkəzindəki küçələrə, Topalhəsənli və Köşkü kəndlərindəki evlərə ziyan vurub. Yerli sakinlərin sözlərinə görə, ötən gün saat 19 radələrindən yağmağa başlayan leysan yağışları getdikcə daha da güclənib. Nəticədə rayon mərkəzindəki əksər evlərin birinci mərtəbələri su altına qalıb.

Zirzəmilərə su dolub, sel təsərrüfata da ziyan vurub. Ev quşları tələf olub. Bəzi evlərin hasarları uçub. Əksər evlərin hasarları uçma təhlükəsi ilə üz-üzə qalıb.
Yağış bəzi ərazilərdə dolu ilə əvəz edilib.

Göygöl rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, Göygöldə sel su ötürücülərini sıradan çıxarıb. Yollara da ziyan vurub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar