Gənclər sahəsində Azərbaycan və Hindistan arasında yeni addımlar atılacaq
29 İyun 2012 Cümə 10:46
Azad Rəhimov hind həmkarı ilə görüşüb.
Gənclər və idman naziri Azad Rəhimov Hindistanın gənclər və idman naziri Ajay Makenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Gənclər və İdman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, görüş zamanı hər iki ölkənin gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar, yeni layihələr haqda söz açılıb. Eyni zamanda hər iki ölkənin gənclər və idman sahələrində daha sıx əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq haqqında Sazişin imzalanmasının önəmi vurğulanıb və bu istiqamətdə yeni ideyaların üzərində çalışılacağı qeyd olunub.
Azad Rəhimov Hindistanda şahmat idman növü çox inkişaf etdiyini və Azərbaycanda da bu idman növünə çox böyük maraq olduğunu bildirib. Şahmatçılarımızın uğuru həqiqətən daim bizi sevindirir. "Məhz bu idman növündə, eyni zamanda idmançıların müxtəlif idman növlərində qarşılıqlı təlim məşq toplantılarının keçirilməsində, gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlığında çox böyük işlər görülə bilər”.
Nazir Küveyt, Bolqarıstan, Avstriya, Yunanıstan və digər ölkələrdə qarşılıqlı əməkdaşlıq nəticəsində bu ölkələrin tələbələri arasında gerçəkləşən “Mən Azərbaycan haqqında nə bilirəm?” layihəsinin hindistanlı gənclərlə də keçirilməsinin maraqlı ola biləcəyini diqqətə çatdırıb.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub.
DOSTLARINLA PAYLAŞ: