Gəncədə Cavad xanın abidəsi ucaldılacaq
11 İyun 2012 Bazar Ertəsi 00:04
On dörd metr hündürlükdə nəzərdə tutulan abidəni bir kilometr məsafədən görmək mümkün olacaq.
Gəncənin sonuncu xanı Cavad xanın adını daşıyan küçənin tamamilə yenidən qurulmasından sonra bu xalq qəhrəmanının abidəsinin ucaldılması da qərara alınıb. Gəncənin qərb istiqamətindəki girişində qoyulacaq abidə üçün üç hektar yer ayrılıb.

Qeyd edək ki, abidə üçün ərazi seçilərkən tarixi və estetik amillərə diqqət yetirilib. Çünki Cavad xanın son döyüşü o zamanlar məhz bu ərazidə, “Quru qobu” adlanan yerdə getdiyindən abidənin burada qoyulması da məqsədəuyğun hesab edilib.

Abidənin müəllifi, Əməkdar Rəssam Şərif Şərifovun verdiyi məlumata görə, abidə şəhərin şanlı və qəhrəman keçmişini, onun vətənpərvər övladlarını təcəssüm etdirməklə yanaşı, həm də estetik cəhətdən gözəl görünəcək. Qərb tərəfdən şəhərə daxil olan və yaxud şəhərdən çıxan hər kəs ilk növbədə Cavad xanın abidəsini görəcək. Abidədə Cavad xanın at üstündə əsgərlərini işğalçılarla döyüşə səsləyən an əks olunacaq. On dörd metr hündürlükdə nəzərdə tutulan abidəni bir kilometr məsafədən görmək mümkün olacaq.

Ərazidə heykəllə yanaşı, park və istirahət guşəsinin salınması da nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar