“Eurovision”la əlaqədar avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı küçələrin siyahısı
14 May 2012 Bazar Ertəsi 13:02
Avtomobillər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə buraxılmayacaq.
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin hansı marşrutlar üzrə hərəkətinə icazə veriləcəyini və məhdudlaşdırılacaq küçə və prospektlərin siyahısını açıqlayıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin Trend-ə verdiyi məlumata görə, mayın 19-dan 28-dək, yəni "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində avtomobillər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə buraxılmayacaq. Avtomobillər kənarkeçmə yolu istiqaməti ilə Bakıya daxil ola biləcəklər.
K.Əliyev bildirib ki, həmçinin 20-ci Sahədən Bayıl istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Həmin ərazidə avtomobillərin hərəkəti 20-ci Sahə dairəsindən Badamdar qəsəbəsinə istiqamətləndiriləcək.
Bundan əlavə, Bayıl qəsəbəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Burada avtomobillər Bayıl qəsəbəsindən Xanlar küçəsinə, oradan isə Dağüstü Park yolu ilə Parlament prospekti istiqamətinə yönəldiləcək.
Daha sonra Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Eyni zamanda Niyazi küçəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, burada avtomobillərin hərəkəti Niyazi küçəsindən sola İstiqlaliyyət küçəsinə yönəldiləcək.
İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Eyni zamanda Yusif Səfərov küçəsindən 28 May küçəsinə, Yusif Səfərov, Afiyəddin Cəlilov küçəsinin kəsişmələrindən Üzeyir Hacıbəyov küçəsinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə nəqliyyatın hərəkəti Təbriz küçəsinə yönəldiləcək.
K.Əliyev deyib ki, "Eurovision 2012" müsabiqəsində tədbir iştirakçılarının daşınması üçün paytaxtda 5 məntəqə yaradılıb. Səməd Vurğun parkının yanında, Azadlıq meydanında, Muzey Mərkəzinin yanında, Azneft meydanında, "Dalğa Plaza"nın yanında yaradılan məntəqələrdə avtobuslar tədbir iştirakçılarını daşıyacaq.
Tədbir yerinin yaxınlarında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq Respublika Yol Polisi vətəndaşlara müraciət edərək bildirir ki, "Eurovision 2012" müsabiqəsində iştirak etmək istəyənlər öz şəxsi maşınlarından istifadə etməsin və həmin məntəqələrə gələrək avtobusların xidmətindən yararlansınlar. Və yaxud yeni salınan Dənizkənar Bulvar ilə piyada getsinlər
DOSTLARINLA PAYLAŞ: