Elnur Aslanov cəbhə xəttindəki son insidenti şərh etdi
05 İyun 2012 Çərşənbə Axşamı 13:29
Elnur Aslanov: “Bu, onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil”.
Ermənistanın son diversiya əməliyyatı uzun illər ərzində bu ölkənin tutduğu qeyri-konstruktiv mövqenin bariz nümunəsidir. Ermənistan bu gün status-kvonu saxlamağa çalışır, bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif provakasiyalara cəhd edir. Trend-in xəbərinə görə, bunu jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Elnur Aslanov deyib ki, uzun illərdir Ermənistan irrasional mövqe tutaraq danışıqlar prosesini uzadır, qeyri-adekvat mövqe tutur.
“Bu, onu göstərir ki, Ermənistan sülhün bərqərar olmasında maraqlı tərəf deyil”, - PA rəsmisi əlavə edib.
Elnur Aslanov deyib ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli əsas müzakirə mövzularından biri olacaq.
DOSTLARINLA PAYLAŞ: