Dənizkənarı Milli Parkda gözəl işıqlanma sistemi quraşdırılıb.
Bir neçə günə Bakı bulvarı tam olaraq istifadəyə veriləcək. Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq işıq dirəkləri, gözəl işıqlanma sistemi quraşdırılıb, ağaclar əkilib, çəmənliklər salınıb, zibil qabları, gül dibçəkləri qoyulub.
24 saat velsoped sürənlər üçün velosiped xətti və bulvarda hərəkət edəcək kiçik avtomobillər, avtobuslar, qatarlar üçün xətt artıq hazırdır. Suvarma sisteminin quraşdırılması başa çatıb.
N. Məcidov həmçinin bir necə gündən sonra paytaxtda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı bir sıra təhlükəsizlik tədbirləridə görüldüyünü bildirib. "Bununla əlaqədar insanların gediş-gəlişi yarımfinal və final mərhələsində ciddi nəzarətdə olacaq. Hal-hazırda təhlükəsizlik xidməti orada müəyyən işlər aparır, baryerlər quraşdırır və bir neçə gün ərzində insanların rahat gediş-gəlişinə şərait yaradılacaq".
Xatırladaq ki, dövlət başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilib.
Bulvardakı daha bir yenilik isə gəmilərlə bağlıdır. "Eurovision" öncəsi Bakıya xaricdən həmçinin yeni 3 gəmi gətirilib. Bunların ikisi gəzinti üçün nəzərdə tutulub, biri isə restoran gəmidir. Yaxın bir neçə gün ərzində insanlar artıq bu gəmilərdə dənizdə gəzə biləcəklər.
Əlavə edək ki, Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin davam etdirilməsi üçün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.