Bəzi çaylarda daşqın və sel gözlənilir
10 İyul 2012 Çərşənbə Axşamı 14:02
Bu barədə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Azərbaycan ərazisində yağan yağışlarla əlaqədar bəzi çaylardan qısamüddətli daşqınlar keçib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, leysan yağışlarla əlaqədar Şəki, Oğuz, Qəbələ bölgəsinin ərazisindən axan Əyriçay, Başdaşağılçay, Türyançay, Dəmiraparan çaylarından qısamüddətli daşqınlar keçib, Göyçayda sel müşahidə olunub.

A. Verdiyev bildirib ki, əksər çaylarda suyun səviyyəsi artıb: “Ən çox yağış Qəbələ, Naftalan, Göyçay, Oğuz, Bərdə rayonlarının ərazində qeydə alınıb. Bununla əlaqədar Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda, Böyük Qafqaz ərazisindən axan Qudyalçayda, Vəlvələçayda, Naxçıvan MR ərazisindən axan Naxçıvançayda, eləcə də Lənkəran-Astara bölgəsinin çaylarında artım qeydə alınıb. Ümumiyyətlə, əksər dağ çaylarında artım baş verib”.

Baş hidroloq Kür çayının yuxarı hissəsində, Qıraqkəsəmən məntəqəsində də suyun səviyyəsinin 3 santimetr artdığını deyib. Qanıx çayında isə bu artım 13 santimetr olub.

A. Verdiyevin sözlərinə görə, ölkə ərazisində iyulun 11-də gecə və axşam saatlarında şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağacağı proqnozlaşdırılır. Bununla əlaqədar bəzi çaylardan qısamüddətli daşqın və sellərin keçəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar