Bakının ən gur metro stansiyasının əsas çıxışı sabahdan bağlanır
10 İyun 2012 Bazar 00:15
Sərnişinlər ən azı üç ay əlavə çıxışlardan istifadə etməli olacaqlar.
Sabahdan metronun "28 May" stansiyasının əsas çıxışı bağlanır. Bakı Metropolitenindən Milli.Az-a verilən məlumata görə, sabah, yəni iyunun 11-i saat 00:00-dan sonra stansiyanın əsas çıxışı bağlanacaq. Yenidənqurma işləri ilə əlaqədar stansiyanın əsas çıxışından sərnişinlər iyunun 11-dən etibarən buraxılmayacaqlar. Əsas çıxışı istismara verilənə kimi sərnişinlər ikinci çıxışdan, eləcə də, “Cəfər Cabbarlı” stansiyasının çıxışından da istifadə edəcəklər.
Çıxışın sentyabr ayı ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təmir çərçivəsində stansiyada eskalatorlar yeniləri ilə əvəz ediləcək, eyni zamanda onların sayı 3-dən 4-ə qədər artırılacaq.
ANS PRESS-in məlumatına görə, stansiyada təmir və yenidənqurma işlərinin görülməsi üçün bu il dövlət büdcəsində 13 milyon manata yaxın vəsait nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: