Bakıda yeni tikililərin qiyməti
23 İyun 2012 Şənbə 16:59
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu növbəti araşdırmasını aparılıb.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən bu ilin may ayında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, may ayında havaların isinməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşməyib.
Alıcıların tədricən bazara qayıtmaları son nəticədə alqı-satqı əqdlərin sayında və qiymətlərdə özünü büruzə verib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Mövsümi amillərin bu faktorda böyük rolu olsa da, tikinti şirkətlərinin qiymətlərin stabil saxlamağa çalışması, mənzillərin satışında kredit portfelinin həcminin artması aktivliyin müsbətə doğru inkişafına təsirsiz ötüşməyib. Paytaxt ərazisində gedən infrastruktur dəyişiklikləri hesabına alıcılıq qabiliyyəti yüksələn tendensiya ilə davam edib. Nəticədə bağlanan əqdlərin sayında artım müşahidə edilib.
Beləliklə, may ayında aparılan araşdırmalara əsasən təklif portfelində orta qiymətə (500-600 manat arası) satışa çıxarılan mənzillərin payı artıb. Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn çoxmənzilli yaşayış binаlаrının sаyı 421-dən 420-ə düşüb. Xətai rayonunda satışdan çıxarılan binanın nəticəsində bu rayon üzrə yeni tikililərin sayı 86 olub. Əvvəlki aylarda olduğu kimi, son mərtəbələrə hələ də tələbatın aşağı olması bir çox yeni tikililərin satışdan çıxmasına mane olub. Müvafiq olaraq tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib, bir tikinti şirkəti siyahıdan çıxıb və say 150-yə bərabər olub.
Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 3/2-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.
Son aylarda stabilləşməyə doğru davam edən qiymətlər may ayında da cüzi dəyişikliklə yadda qalıb. Mayda 0,2 faiz azalma baş verərək 1 kv.metr üzrə orta qiymət göstəricisi 819,9 manata bərabər olub. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 0,5 faiz, ötən ilə nisbətdə isə 2,3 faiz azalma kimi qeydə alınıb.
2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə isə qiymət azalması 31,3 faiz təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub. Qiymət fərqi 2012-ci ilin yanvar ayı ilə müqayisədə 3,3 faiz azalma həddində olub.
DOSTLARINLA PAYLAŞ: