Körpü bir neçə istiqamətdə tıxac problemini aradan qaldıracaq.
Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilib.
Yol qovşağının tikintisinə 2006-ci il aprelin 11-də başlanıb. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 680 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.
Qovşağın uzunluğu 1286 metr olan birinci kompleksi 2008-ci ilin sentyabrın 23-də istismara verilib. Yol ötürücüsünün bu hissəsində üç körpü, yol yanaşmaları və avtomobil yolu yerləşir. Qovşağın ikinci kompleksi isə 2010-cu ilin iyulun 2-də açılıb. Uzunluğu 1194 metr olan ikinci kompleks beş körpü və körpü yanaşmalarını özündə birləşdirir. İstifadəyə hazır olan qovşağın üçüncü - son kompleksinin ümumi uzunluğu isə 1200 metrdir. Burada uzunluğu 360 metr olan asma konstruksiyalı ikiaşırımlı yolötürücüsü inşa olunub.
Hava limanı istiqamətindən gələn nəqliyyat vasitələrinin 8-ci Kilometr, Əhmədli, “Günəşli” yaşayış massivləri və Zığ dairəsi - hava limanı magistral avtomobil yoluna birbaşa hərəkətini təmin etmək üçün inşa olunan üçüncü kompleksin asma dayağının hündürlüyü 93 metr, körpüdəki yolun hərəkət hissəsinin eni isə 9 metrdir. Aşırım qurğusunda 52 kanatdan istifadə olunub. Yolun hərəkət hissəsində 4 min 565 kvadratmetr sahədə hidroizolə işləri görülüb. Yerdən hündürlüyü altı metr olan ikizolaqlı yol birtərəflidir. Bu kompleksin ətrafında 2 min 500 kvadratmetr sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
İinşası tam başa çatdırılan üçkompleksli bu qovşaq hava limanı, Qara Qarayev, 20 Yanvar prospektləri, 8-ci Kilometr yaşayış massivi, Bakıxanov qəsəbəsi, paytaxtın mərkəzi istiqamətlərində avtomobillərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməklə, ərazidə tıxac probleminin həllinə imkan yaradacaq.