Bakıda yanan binanın sakinlərinə maddi yardım verildi
15 İyun 2012 Cümə 01:45
205 məcburi köçkün 300-350 manat birdəfəlik yardım alıb.
İyunun 13-də paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı hündürmərtəbəli binada güclü yanğın baş verib. Dövlət başçısının tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yanğından zərər çəkmiş məcburi köçkünlərə birdəfəlik maddi yardım ayrılıb. AzərTAc xəbər verir ki, yanğından zərər çəkən məcburi köçkün ailələrinin məskunlaşdığı Abşeron rayonunun Mehdiabad qəsəbəsində birdəfəlik maddi yardımlar paylanıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirib ki, qərara uyğun olaraq yanğından qismən zərər çəkən 105 nəfərin hər birinə 300 manat, mənzillərdə ev əşyaları tam yanmış 100 məcburi köçkünə isə adambaşına 350 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Ümumilikdə 56 məcburi köçkün ailəsinə maddi yardım verilib.
Qeyd olunub ki, dövlət başçısının göstərişlərinə uyğun olaraq yanğından zərər çəkən məcburi köçkün ailələri yaradılmış komissiyanın nəzarəti altında onlar üçün ayrılmış yeni mənzillərə köçürülüb. Fövqəladə Hallar Nazirliyi tərəfindən köçürülmüş ailələr isti yemək, çarpayı və digər məişət avadanlığı ilə təmin olunublar.
DOSTLARINLA PAYLAŞ: