Bakıda tərbiyəçinin saxta diplomla işə götürülməsi faktı aşkar edilib
20 İyun 2012 Çərşənbə 16:11
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi apardığı araşdırmanın nəticəsini açıqlayıb.
Bakı şəhər sakini Tovuz Səməd qızı Sadıqovanın 2003-cü ildə saxta diplomla Xətai rayonu, 202 saylı uşaq baxçası-körpələr evinə tərbiyəçi vəzifəsinə işə qəbul edilməsinə dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. ANS PRESS-in Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, T.Sadıqovanın Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirməsinə dair diplomunun saxta olması 2011-ci ilin noyabrında baxçanın müdirəsi Simuzər Bənənyarlıya məlum olsa da, həmin sənədin doğruluğunun yoxlanılması üçün Təhsil Nazirliyinin "Pedaqoji işə qəbul prosesinin tənzimlənməsi barədə" sərəncamına müvafiq olaraq dərhal sorğu verilməyib.

Bundan əlavə həmin sərəncamın tələbinə uyğun olaraq baxça müdirəsi və aidiyyəti təhsil qurumlarının əməkdaşları tərəfindən 2003-2012-ci illərdə diplomun doğruluğunun yoxlanılması üçün heç bir təbdir görülməməklə onun uzun müddət qanunsuz işləməsinə və dövlət vəsaitini almasına şərait yaratmaları nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar