Bakıda evlərin qiyməti bahalaşıb
28 İyun 2012 Cümə Axşamı 18:15
Təkrar mənzil bazarı seqmentində 1,3 faiz artım müşahidə edilib.
Bu ilin may ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında aprel ayı ilə müqayisədə 1,3 faiz artım müşahidə edilib. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, əqdlərin dinamikasının artımı paytaxtda baş verən söküntü işləri ilə əlaqədar dövlət tərəfindən ödənilən kompensasiya və ödənişlərin yenidən daşınmaz əmlak bazarına qayıtması ilə bağlıdır. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində yeni tikililərin payının artımı may ayında da davam edib.

Bazarın bu seqmenti üzrə təklifin artımına baxmayaraq qiymət dinamikasında da uzun sürən fasilədən sonra yenidən artımlar müşahidə olunmağa başlayıb. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin yenidən artmasına gətirib çıxarıb.

May ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 1.2 faiz, orta qiymət isə ötən ayla müqayisədə 0.7 faiz artıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq artıb.

May ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin ipoteka şərtlərinə münasibliyidir. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından sonra bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.

May ayında təkrar mənzil bazarında qiymət indeksi aprel ayı ilə müqayisədə 1.2 bənd artaraq 183.3 bəndində qərarlaşıb.

May ayında aparılan araşdırmalara əsasən təklif (1,2 faiz) artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7600-ə yaxınlaşıb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7 faizə bərabər olub.

Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.

May ayında da otaqlar üzrə vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və artım 1,6% təşkil edib.

May ayında qiymət indeksində qiymətə müvafiq olaraq artım müşahidə edilib. Orta qiymət ötən ay qeydə alınan nəticədən 0.7 faiz artıb və 990 $/kv.m təşkil edib. Ötən ay əksər rayonlarda qiymət artımı müşahidə olunub. Ən çox qiymət artımı Xətai rayonunda qeydə alınıb (1.3 faiz).

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (990 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3 faizə malikdir. Mənzillərin orta otaq göstərijisi 2.79, hər otağın orta satış qiyməti 44431 ABŞ dolları, mənzilin orta qiyməti isə 111479ABŞ dolları təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar