Bakı şəhər turunun yeni formatının açılış mərasimi keçirilib
15 May 2012 Çərşənbə Axşamı 12:09
Azərbaycan Mədəniyyət və Turizm və Nəqliyyat nazirliklərinin təşkilatçılığı ilə Bakı şəhər turunun yeni formatının açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, Bakı şəhər turunun yeni formatı “Eurovision” mahnı müsabiqəsi üçün hazırlanıb: “Biz turun müsabiqədən sonra da fəaliyyət göstərməsini nəzərdə tutmuşuq. Bunun üçün ikimərtəbəli, müasir standartlara cavab verən avtobuslar Nəqliyyat Nazirliyi tərəfindən alınaraq Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə verilib. Üç saat əlli dəqiqə davam edən tur zamanı 7 dayanacaq olacaq. Tur zamanı Azərbaycana gələn qonaqlara rus və ingilis dillərində məlumatlar veriləcək. Marşrut Bakının ən görməli yerlərdən keçəcək. Tur Azadlıq Meydanından başlayacaq, Neftçilər, Xətai prospektləri, Zərifə Əliyeva küçəsi, Qız qalası və İçərişəhərdən keçəcək”.
N. Səmədov turun may ayının sonuna qədər pulsuz xidmət göstərəcəyini deyib: “Növbəti aydan isə tur ödənişli şəkildə xidmət göstərəcək”.
DOSTLARINLA PAYLAŞ: