Azəriqaz əhalini ehtiyatlı olmağa çağırdı
30 İyun 2012 Şənbə 11:05
Qaz kəmərləri üzərində quraşdırılmış avadanlıqlarda qaz sızması aşkar etdikdə nə etməli?
”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq, istehlakçıların təhlükəsiz, keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədi ilə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyində çoxşaxəli tədbirlər görülür.
Görülən tədbirlərin tərkib hissəsi kimi ildə 2 dəfə daxili qaz təsərrüfatına texniki baxış və profilaktik qulluq aparılır. Bu işlər nəzarət-yoxlama xarakteri daşımır, əksinə, təbii qazla bağlı meydana çıxa biləcək bədbəxt hadisələrin qarşısının alınmasına yönəlmiş tədbirlərdir və “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən göstərilən ödənişsiz xidmət növüdür.
Abonentlər, eyni zamanda, mənzillərdə istifadə olunan mətbəx plitələri, isitmə sobaları və təbii qazla işləyən su qızdırıcılarında olan nasazlıqlar haqqında qaz istismarı sahələrinin qəza-dispetçer xidmətlərinə 104 nömrəli telefonla məlumat verə bilərlər. Mətbəx plitələrində və isitmə sobalarında olan nasazlıqlar 1 sutka ərzində, təbii qazla işləyən su qızdırıcılarındakı problemlər isə 2 sutka ərzində aradan qaldırılmalıdır.
“Azəriqaz” İB bir daha əhali abunəçilərinin nəzərinə çatdırır ki, mövcud qaz kəmərlərində, onların üzərində quraşdırılmış avadanlıqlarda, təbii qazla işləyən cihaz və qurğularda qaz sızması aşkar etdikdə qaz xəttinin girişində quraşdırılmış kran dərhal bağlanmalı və Birliyin qəza-dispetçer xidmətinə 104 nömrəli telefonla xəbər verilməlidir. Birliyin və rayon Qaz İstismarı sahələrinin qəza-dispetçer xidmətləri qaz sızması haqqında məlumat aldıqda dərhal növbətçi qəza avtomobili ilə qeyd olunan ünvana çıxmalı, qaz sızmasının mənbəyini aşkar edib, sızmanın aradan qaldırılması üçün bütün zəruri texniki tədbirləri operativ şəkildə həyata keçirməlidirlər.
DOSTLARINLA PAYLAŞ: