Azərbaycanın diaspor təşkilatları gücləndiriləcək
06 İyul 2012 Cümə 19:06
Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayırıb.
Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra xaricdəki soydaşlarımızın təşkilatlanması, Azərbaycan icmalarının fəaliyyətinin əlaqələndirilməsi və onların digər diaspor təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi sahəsində mühüm addımlar atılıb.

Sərəncamda bildirilir ki, bu gün ayrı-ayrı ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəni irsinin, misilsiz tarixi nailiyyətlərinin təbliğinin genişləndirilməsi üçün çox sayda tədbirlər gerçəkləşdirilir.

Azərbaycan dövlətinin milli inkişaf strategiyasının əsas prinsiplərini rəhbər tutmaqla hazırda respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımızın problemlərinin həllinə yönələn iri miqyaslı layihələr həyata keçirilməkdədir.

Görülən bütün bu işlərin uğurla davam etdirilməsi və diaspor quruculuğunun müasir reallıqlara uyğun şəkildə aparılmasının təmin olunması məqsədi ilə Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılması qərara alınıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Sərəncamda irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə həvalə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar