Azərbaycanda zibili urnalara atmayanlar cərimələnəcək
10 İyul 2012 Çərşənbə Axşamı 14:20
Azərbaycanda istehsalat və məişət tullantılarının atılması ilə bağlı qaydalar sərtləşdirilib.
"İstehsalat və məişət tullantıları haqqında" qanuna edilən dəyişikliklərə əsasən, məişət tullantıları zərərsizləşdirmək məqsədilə bunun üçün nəzərdə tutulan tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların urnalardan kənar yerlərə atılması və ya basdırılması qadağandır.
"APA-ECONOMICS"in məlumatına görə, qanunla eyni zamanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, buna əməl etməməyə, yəni məişət tullantılarının urnalardan kənara atılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat cərimə ediləcək.
Qanunda urnaların yerləşdirilməsi məsələsi də dəqiqləşdirilib. Sənədə əsasən, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində urnalar arası məsafə 100 metrdən çox olmamalıdır. Bu qaydaya əməl etməyən, yəni urnaların yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə olunacaq.
Qanuna dəyişikliklərin təsdiq edilməsi barədə dövlət başçısının fərmanına əsasən, şəhər və rayon icra hakimiyyəti orqanları iki ay müddətində öz ərazilərində urnalara tələbatı müəyyən edərək, müvafiq məlumatı Prezident Administrasiyasına təqdim etməlidir. Nazirlər Kabineti isə bu urnaların 6 ay müddətində mərkəzləşdirilmiş qaydada alınmasını təşkil etməlidir.
DOSTLARINLA PAYLAŞ: