Azərbaycanda ötən il 28 min abort edilib .
05 İyun 2012 Çərşənbə Axşamı 21:48
Hər gün onlarla qadın canından can verdiyi körpəsinin qatilinə çevrilir.
Türkiyədən fərqli olaraq, Azərbaycanda hələlik bu mövzu siyasi müstəvidə müzakirə olunmasa da, son illərin rəsmi statistikasına görə, abortların sayı kəskin şəkildə artıb. Parlamentarilər ayrı-ayrılıqda məsələnin qadağasını təklif etsələr də, ortada qəti mövqe yoxdur. Ümumiyyətlə, belə bir qadağaya ehtiyac varmı?

Azərbaycanda ötən il 27790 qadın hamiləlyini süni şəkildə ləğv etdirib. Populyar dillə desək, abort etdirib. Statistika göstərir ki, ölkədə abortların sayı il-ildən artır. Məsələn, 2003-cü ildə 16912 abort qeydə alınmışdırsa, 2010-da bu rəqəm 26801 olub. Deməli, bir il ərzində daha min nəfər abort etdirməklə arzuolunmaz hamiləlikdən yaxa qurtarıb və bununla da rəqəmi 28 minə çatdırıb. Təkcə Bakı şəhəri üzrə bu rəqəm 9 il ərzində 4353-dən 11434-ə çatıb.

Rəsmi statistikaya daha bir əlavəni bu gün Rəsmiyyə İbrahimova etməyə hazırlaşırdı. O da bətnindəki körpəni məhv etmək üçün az sonra bıçaq altına girəcəkdi. Rəsmiyyənin hamiləlyini sün şəkildə ləğv etdirmək üçün üz tutduğu 7 saylı Doğum Evinin qadın məsləhətxanasına təkcə ötən ay abortla bağlı 36 müraciət olunub. Məsləhətxananın şöbə müdiri Gülnarə Rzayeva deyir ki, müraciət edən qadınlardan 30-da mini abort tətbiq edilib. Bunlar müxtəlif təbəqəni və yaş həddini təmsil edən qadınlardır.

Abortlar qanuni hesab edilir və onların 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verilir. Amma bu qanun sovet dövründən qalma qanundur. “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun isə səsvermədən keçməyib. Buna səbəb qanunda surroqat ana ilə bağlı maddənin olmasıdır. Layihəni hazırlayan millət vəkili Məlahət İbrahim qızı özü də etiraf edir ki, qanuna milli mentalitetə xas olmayan maddənin salınmasındansa, abortların məhdudlaşdırılmasına xidmət edən maddələrin işlənib hazırlanması daha yaxşı olardı.
Qeyd edək ki, yaşamaq hüququnun embriona, yəni hələ doğulmamış körpəyə şamil edilməsi məsələsində dünya dövlətləri vahid konsensusa gəlməyib. Yalnız Amerikadaxili konvensiya yaşamaq hüququnu açıq şəkildə rüşeymə -ana bətnindəki embriona şamil edir. Azərbaycanda isə abort heç bir halda yaşamaq hüququnun pozulması hesab olunmur. Ona görə də hər gün Rəsmiyyə kimi onlarla qadın canından can verdiyi körpəsinin qatilinə çevrilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar