Azərbaycanda müasir gəmiqayırma zavodu inşa edilir
05 İyun 2012 Çərşənbə Axşamı 10:30
Zavodun layihə dəyəri 300-350 milyon dollardır.
Bakının Qaradağ rayonunda inşa edilən müasir gəmiqayırma zavodunun tikinti işləri sürətlə davam etdirilir. AzərTAc xəbər verir ki, tikinti işlərini tenderin qalibi olmuş Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti yerinə yetirir. Layihənin strateji əhəmiyyəti nəzərə alınaraq trestin tabeliyində yeni struktur – sənaye tikinti idarəsi yaradılıb.
“Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov deyib ki, layihəyə əsasən, zavodun ümumi sahəsi 520 min kvadratmetr, dəniz sahəsi isə 360 min kvadratmetr təşkil edir. Eləcə də, ümumi qapalı istehsal sahəsi 75 min kvadratmetr, dalğaqıran divarının uzunluğu 1200 metr, körpülərin ümumi uzunluğu 1630 metr olacaq.
İlkin hesablamalara görə, zavodun layihə dəyəri, təxminən 300-350 milyon dollardır. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq.
Zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür. Xarici sifarişlər də qəbul edəcək zavodun tikintisi Azərbaycanın dəniz donanması üçün xüsusi əhəmiyyətə malik olacaq.
DOSTLARINLA PAYLAŞ: