Azərbaycanda mətbuatla bağlı yeni qurum yaradıla bilər
10 İyul 2012 Çərşənbə Axşamı 10:22
Türkiyədə olan mətbuat və elan qurumunun Azərbaycanda tətbiq olunması məsələsi gündəmdədir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mətbuat nümayəndələri ilə görüşündə çoxsaylı təkliflər oldu. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O qeyd edib ki, həmin təkliflər həm praktiki cəhətdən, həm də qanunvericilik baxımından həyata keçirilə bilər.

"Təkliflər arasında dövlət qurumlarının büdcələrinin 1 faizinin reklama və elana ayrılması və digər məsələlər var idi. Türkiyədə olan mətbuat və elan qurumunun Azərbaycanda tətbiq olunması məsələsi gündəmdədir", - o deyib.

Amaşov bildirib ki, yeni qurum MŞ-nin tərkibində və ya sərbəst şəkildə yaradıla bilər.

Şura sədri qeyd edib ki, Azərbaycanda Mətbuat Şurasının rəhbərliyi qəzet redaktorları ilə birgə qəzet köşkləri ilə bağlı monitorinq qrupu yaradacaq.

Onun sözlərinə görə, yaradılan qrup mütəmadi olaraq köşklərdə qəzetlərin satışı ilə bağlı monitorinqlər aparacaq. "Burada əsas diqqət yeni köşklərə yönəldiləcək. Satış üzrə yeni nəzarət mexanizmi tətbiq olunacaq", - Amaşov deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar