Qaradağ rayonunda Azərbaycanda indiyə qədər görünməmiş qasırğa baş verib. Okeanın o tayında hakim olan təbiətin qasırğa adlı şıltaqlığını yalnız kadrlarda izlədiyimiz görüntüsünü bu dəfə Qaradağ camaatı canlı gözü ilə izləyib. Ərazidə mədəndə çalışan işçilər havanın qəflətən dəyişməsi ilə qara buludların toplaşdığını və burulğan şəklində hərəkətə gələrək dənizə tərəf istiqamətləndiyinin şahidi olublar.
Burulğan Güzdəkdəki cəzaçəkmə müəssisəsi üzərindən hərəkət edərək oradakı obyektlərin damını uçurub və elektrik dirəklərində qısa qapanma yaradıb. Qaradağda 16-20 metr-saniyə şimal-qərb küləyi əsib.
Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyevdən aldığımız məlumata görə, bu gün saat 18:00-a olan proqnozda qeyri-adi heç bir hadisəyə rast gəlinməyib. Amma həmin vaxt Qaradağ rayonu ərazisində sürəti 16-20 metr saniyə olan şimal-qərb küləyi müşahidə olunub. Küləklə birlikdə yağışın yağması və eləcə də, şiddətli şimşək çaxması küləyi gücləndirib. Şimşəklə müşayət olunan proses qeyri-adi təbiət hadisəsinin baş verməsinə səbəb ola bilər.