Azərbaycanda 2 həbsxananın divarı uçub
20 İyun 2012 Çərşənbə 05:23
Hadisəyə müəssisələrin yerləşdiyi ərazidə burulğanla müşayiət olunan güclü qasırğa səbəb olub.
Ötən axşam (19 iyun) saat 17.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin yerləşdikləri ərazidə normal hava şəraitində təxminən 1 dəqiqə davam edən burulğanla müşayiət olunan güclü qasırğa baş verib. Nəticədə qeyd olunan müəssisələrin 110 metr uzunluğunda əsas və yardımçı hasarları uçub, hər iki müəssisənin azbest şiferindən olan dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib.
Fövqəladə hadisə barədə məlumat daxil olduğu andan xidmət üzrə həyəcan siqnalı elan olunub, tabe qurumlar səfərbər olunaraq hadisə yerinə göndərilib, Daxili işlər nazirliyi, Fövqəladə hallar nazirliyi və Azərenerji ASC-nin müvafiq qurumları əraziyə cəlb olunublar.
8 və 12 saylı cəzaçəkmə müəssisələrində təhlükəsizliyin təmin olunması, o cümlədən ayrı-ayrı məhkumların təbii fəlakətdən istifadə edərək qaçmasının qarşısını almağa yönələn təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
Hal-hazırda səfərbər olunmuş qüvvələrin köməyi ilə və mövcud vasitələrdən istifadə olunmaqla baş vemiş gözlənilməz təbii fəlakətin nəticələri aradan qaldırılır.
Cəzaçəkmə müəssisələrində vəziyyət stabildir.
DOSTLARINLA PAYLAŞ: