ANS ÇM radiosu 18 yaşı münasibətilə Bakıda konsert keçirilib
29 May 2012 Çərşənbə Axşamı 02:18
Konsertdə tanınmış müğənnilər iştirak edib.
Dünən həm ANS ÇM radiosunun, həm də ANS TV-nin bayramı idi. 18 il əvvəl mayın 28-də Azərbaycanın radio dalğalarında hələ heç kəsin öyrəşmədiyi janrda və intonasiyada səs eşidildi. Ölkə radiolarının o zamankı başdan-ayağa rəsmi efir tonu ilə uzlaşmayan, orta və uzun dalğalarda, daha çox sovet ənənələri əsasında tərtib edilən proqramlardakı səslərdən fərqlənən bu səs Vahid Mustafayevin səsi idi. Azərbaycanda ilk FM radiostansiyası - Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM belə yarandı. Bununla yanaşı mayın 28-də ANS-in öz müstəqil ötürücüsü və tezliyi oldu!
Bayram münasibətilə Yasamal rayonu ərazisində yerləşən parkda möhtəşəm bayram konserti təşkil edilmişdi. Bayram konserti saat 19:00-da başladı və saat 23:00-a qədər davam etdi. ANS PRESS-in məlumatına görə, konsertin aparıcıları Aytən Səfərova və Valid Əliyev idi. Konsertdə xalq artistləri çıxış etdilər. Konsertdə ilk öncə xalq artisti Faiq Ağayev gözəl musiqilərlə ora toplaşanları coşdurdu. Xalq artisti Aygün Kazımova, Əməkdar artist Aybəniz Haşımova, Əməkdar artist Elza Seyidcahan, populyar müğənnilər Nadir Qafarzadə, Zamiq, Samira, Elnarə və gənclərin sevimlisi Mina da tədbirdə iştirak edirdi.
Konsertin sonunda çıxış edən Mina səhnəni tərk edəndən sonra da, gənclər onu yenidən alqışlarla səhnəyə dəvət etdilər.
ANS PRESS-in əməkdaşı konsertdə iştirak edən müğənnilərin bəzilərindən ANS ÇM haqqında ürək sözlərini öyrənib.
Azərbaycanın xalq artisti Faiq Ağayev: “ANS-in yaranma günündən bərabərik. 18 ildir ki ANS ÇM radiosu ilə bərabərik. Çox sevinirəm ki, bu gün ümummilli bayramımızın üzərində daha bir sevinc var. Respublika günü ilə bərabər biz həm də ANS ÇM-in 18 yaşının tamam olmasını qeyd edirik. Orada çalışanlar mənim dostlarımdır. Radioda səslənən musiqilərin, verilən xəbərlərin keyfiyyətinə söz ola bilməz”.
Xalq artisti Aygün Kazımova: “Təbrik edirəm. Həmişə uğur qazanın. Həmişə xalqın sevinlisi olun. Mən Aygün Kazımova ANS ÇM-I dinləyirəm”.
Əməkdar artist Elza Seyidcahan: “Çox sanballı, gözəl, maraqlı xəbərlərdir. Mən əsas hava proqnozu haqqındakı xəbərləri maraqla izləyirəm. Fəıxr edirik ki, ANS var. Başda Vahid Mustafayev olmaqla bütün ANS-çiləri təbrik edirəm. Həmişə bu birinciliyi qoruyun. Halal olsun, belə də davam edin”.
Əməkdar artist Aybəniz Haşımova: “Mən təbrik edirəm bütün ANS ÇM kollektivini. Həmişə xoşbəxt olun, belə birinci olun. Bayram münasibətilə də bütün Azərbaycan xalqını təbrik edirəm”.
Müğənni Nadir Qafarzadə: “ANS ÇM-in yaranma günü münasibətilə bütün ANS-çiləri təbrik edirəm. Respublika günü, həm də ANS ÇM-in yaranma günü münasibətilə hamını təbrik edirəm. Bu ay bayramlar çoxdur, sadalamaq istəmirəm, bilənlər bilir. Bu gün Çingiz Mustafayev və onun kimi digər qəhrəmanlarımızın ruhu nigarandır. Allah qoysa biz ANS ÇM-in növbəti ad gününü Qarabağımızda qeyd edəcəyik”.
Müğənni Elnarə: “Bir zamanlar, 2 il öncə ANS ÇM-də çalışmışam. ANS ÇM radiosunun başda rəhbərlik olmaqla, radionun direktorundan tutmuş bütün kolletivini öpürəm. Bütün DJ dostumuzdur, hamını gördüm çox sevindirm. Çox sevinirəm ki, mən bu gün burdayam”.
Müğənni Mina: “Təbrik edirəm ANS-çiləri. ANS ÇM çox sevdiyim radiodur. Həmişə dinləyirəm. Məni sevənləri də ANS ÇM radiosunu dinləməyə çağırıram. Mənim mahnılarım da burda səslənir. Super radiodur, ən əsası birinci FM-dir”.
ANS ÇM radiosunun aparıcısı Cavid Osmanov: “Bu gün bizim ad günümüzdür. Bu çox böyük şansdır ki, dinləyicilərimizi gözlərimizlə görək. Adətən radioaparıcıları kadrarxası olur və dinləyiciləri görmür. Belə tədbirlərin keçirilməsi dinləyicisinə də düşünürəm ki xoşdur. Çünki o qulaq asdıqları DJ-ri görə bilirlər. Gələcəkdə də belə tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycan radioməkanında elə bir şou yoxdur ki, o ANS ÇM-də olmasın”.
ANS ÇM-in aparıcısı DJ Valid: “Çox sevinirəm ki, ANS ÇM-də çalışıram. ANS ÇM yarandığı gündən həmişə birinci olub. Musiqi baxımından, proqram baxımından. Burada hər şey super olub. ANS ÇM hər yerdə özünün birinci olduğunu sübut edib. Burada dinləyicilər həmişə zövq ala bilərlər”.
ANSPress.com portalının əməkdaşları da ANS ÇM və ANS TV-dəki həmkarlarını əlamətdar gün münasibəilə təbrik edirlər.