I yeri Bakı şəhəri, 218 saylı məktəbin şagirdi Vüsal Mirzəzadə qazanıb.
Bu gün “Ağıl dəryası” verilişinin qalibləri məlum olub. Qalibləri verilişin xüsusi qonaqları təqdim edib. “Ağıl dəryası”nın xüsusi qonaqları ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, təhsil nazirinin müavini Qulu Novruzov, Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Yakın Doğu Universitetinin prorektoru, professor Fəxrədin Sadıqoğlu olub.
Bu mövsüm “Ağıl dəryası”nda 450-ə yaxın məktəbli iştirak edib. Bu məktəblilər arasından 35 nəfər yarımfinala keçib. Yarımfinaldan isə 3 nəfər finala addımlayıb və onların arasından 1 nəfər seçilib.
Finalna Bakı şəhəri 218 saylı, 244 saylı və Xırdalan şəhər 3 saylı orta məktəbin müəllim kollektivi də iştirak edirdi.
Qalibləri elan etmək üçün söz ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə verilib. İlk öncə Vahid Mustafayev layihəyə dəstək verdikləri üçün Kipr Universitetinin rəhbərliyinə və Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrinə öz təşəkkürünü bildirib. O həmçinin bütün müəllim kollektivlərinə, məktəb rəhbərlərinə və onların şagirdlərlə birbaşa işləyən əməkdaşlarına minnətdarlığını ifadə edib: “Biz bu gün yüz minlərlə məktəblilər arasından 3 nəfəri, ən layiqliləri seçib, sizin universitetinizə təhsillərini davam etdirmək üçün yollaya bilirik. Bu, yenə də Azərbaycan xalqının, balalarımızın intellektindən xəbər verir. Bu yaşlı nəsilə belə bir mesaj verir ki, bizim gələcəyimiz çox gözəldir”.
Sonra Vahid Mustafayev qaliblərin adlarını açıqlayıb. Məlum olub ki, III yeri 10 balla Bakı şəhəri, 244 saylı məktəbdən Aytən Hacıyeva, II yeri 14 balla Xırdalan 3 saylı məktəbdən Elbrus Orucov, I yeri isə 38 balla Bakı şəhəri 218 saylı məktəbdən Vüsal Mirzəzadə qazanıb.
Həmçinin ekspert qismində iştirak edən şəxslərə - Sevil Məmmədova, Zəhra Rüstəm Osmanovaya və Elçin Bayramovya diplomlar təqdim edilib.
Öz növbəsində təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib ki, yarışmanın ən müsbət cəhəti odur ki, iştirakçılar sms vasitəsi ilə tamaşaçılara deyil, özlərinə, səriştələrinə güvənərək qalib gəliblər. “ANS Şirkətlər Qrupunun rəhbərliyinə təşəkkürümü bildirirəm ki, böyük tamaşaçı auditoriyası olan belə bir layihə hazırlayıblar. Çox istərdim ki, telekanallar bu səpkidə verilişlərlə rəqabətə girsinlər. Mən hesab edirəm ki, bu yarışmanın qalibləri yalnız bu gün mükafatlandırılan qaliblər deyildi. Biz valideyn, təhsil işçisi olaraq ekran qarşısında olanda, o sualların özü bizə də maraqlı gəlir. Bu veriliş sadəcə yarışma deyil, həm də səmərəli, maarifləndirici funksiya daşıyan bir layihədir. Mən dünən ANS-in saytında bu veriliş haqqında yazılan şərhlərlə tanış oldum. Çox maraqlıdır ki, orada 1000-ə qədər şərhin olduğunun şahidi oldum. Gənclərimiz görün nə qədər maraq göstərirlər bu verilişə”.
Yakın Doğu Universitetinin prorektoru, professor Fəxrədin Sadıqoğlu isə “Ağıl dəryası”nı digər verilişlərdən fəqləndirən xüsusiyyətlərdən danışıb: “Bu, gənclərimizin, xalqımızın gələcəyinə yönəlmiş bir verilişdir. Azərbaycanlı gənclərimizin xaricdə təhsil alması, yeni mədəniyyətlər, yeni təmaslar qurması Azərbaycan üçün böyük önəm daşıyır. Çünki bu gənclərimiz gələcəkdə hansısa vəzifə, mövqe sahibi olacaqlar”.