Yaponiyadakı fəlakət fotolarda
12 Mart 2011 Şənbə 12:46
Ölkədə ində də nüvə sızıntısı təhlükəsi yaranıb
Ötən gün Yaponiyada baş verən 8.9 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 1300 nəfəri ötüb. Bu barədə məlumatı ölkənin Baş Polis İdarəsi yayıb.
Yaponiya hökuməti isə indiyə kimi 573 nəfərin ölməsi faktını təsdiq edib və onların rəsmi məlumatına əsasən 740 nəfər itkin düşüb.
Ölkənin şimal-şərqindəki yaşayış məntəqələrində yaşayan əhalinin əksər hissəsi sunami və torpaq sürüşməsinin təsirinə məruz qalıb. Zəlzələ və onun ardınca gələn sunami dağıntılara səbəb olub. Hava və dəmir yol nəqliyyatı iflic olub. Çox sayda uçuş və qatar təxirə salınıb. Hava limanları və vağzallarda çoxlu sayda insan qalıb.
“Onaqava”, “Fukusima-1” və “Fukusima-2” də daxil olmaqla 5 Atom Elektrik Stansiyasında fövqəladə vəziyyət elan edilib. “Fuksima -1” AES-də sızma baş verib. Bu barədə Tokio Energetika Şirkəti açıqlama yayıb. “Fukisima-1” atom elektrik stansiyası yaxınlığında məskunlaşan 3 minə yaxın insan evakuasiyası elan edilib. Şirkətin məlumatına görə, AES-in turbin bölməsində birinci reaktorda radiasiyanın səviyyəsi artmağa başlayaraq normadan 100 dəfə çox olub. Əraziyə mütəxəssislərlə birgə baş nazir Naoto Kan da gəlib.
Ölkənin şimal qərbində dağlıq hissələrdə yeni yeraltı təkanlar hiss edilib. Bu dəfəki təkanların gücü rixter şkalası üzrə 6.6 bal təşkil edib, sunami və ya itki barədə məlumat yoxdur. Yaponiya hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılması proesinə 8 min nəfərlik ordunu cəlb edib və Birləşmiş Ştatlardan hərbi yardım istəyib.
Amerika qitəsinin bir sıra ölkələrində sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Dalğalar Birləşmiş Ştatların qərb sahili, Havay adalarına və Kanadanın Sakit okean sahillərinə çatıb. Kaliforniyadan Vaşinqtona qədər evakuasiya elan edilib. 5 nəfərin itkin düşdüyü deyilir. Ekvador, Kolumbiya, Çili və Peru prezidentləri ölkələrində həyacan elan edərək sakit okean sahillərində məskunlaşan vətəndaşlarının evakuasiyası barədə qərar qəbul edib. Analoji qərarı Kosta-Rika, Honduras, Qvatemala, Nikaraqua və Panama hökumətləri də qəbul edib.
DOSTLARINLA PAYLAŞ: