Quba rayonu Çarxaçı kəndi ərazisində iki qonşu arasında yaranan mübahisə bədbəxt hadisə ilə nəticələnib. ANSPRESS-in bölgə müxbirinin məluamtına görə, kənd sakini Fatma Abusəttar qızı Sailova Hacıəhmədovlar ailəsi tərəfindən döyüldükdən sonra yaba ilə gözü çıxarılıb. İki qonşu arasında mübahisə isə torpaq üstündə başlayıb. Zərərçəkənin oğlu Rüstəm Sailovun sözlərinə görə, Çarxaçı kəndində olan torpaq sahəsi ilə bağlı kənd bələdiyyəsinə 2006-cı ilin may ayında rəsmi ərizə ilə müraciət edib. Daxil olan ərizədən sonra araşdırma aparılıb və Rüstəmə 10 sot torpaq ayrılıb. Ancaq Sailovun imkanı olmadığından torpağın vergisini 2008-ci ilə kimi ödəyə bilməyib. Rüstəm 2009-cu ilin mart ayında həmin əraziyə ev tikmək məqsədi ilə ağac gətirib. İbrahim və Nailə Hacıəhmədovlar buranın ata-baba yurdları olduğunu və burada ev tikməyə icazə verməyəcəklərini bildiriblər.
Artıq baş vermiş hadisə ilə bağlı Quba rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalara başlanılıb. İstintaq bölməsinin rəisi Əvəzağa Məmmədov hadisə ilə bağlı müvafiq ekzpertiza təyin olunduğunu bildirib. Hələlik faktla bağlı saxlanılan yoxdur.
Xəsarət alan F.Sailova isə əvvəl Siyəzən rayonun xəstəxanasına, oradan isə Bakıya, Göz Xəstəlikləri İnstitutuna gətirilib.
/ANS PRESS/