Oğuz rayonunun Xalxal kəndində ayı kəndə hücum edib, uşaq bağçasının həyətinə daxil olub.
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.
Raqub Mirzəyev bildirib ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olaraq, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub. Raqub Mirzəyev qeyd edib ki, ayı sonra uşaq bağçasının həyətinə daxil olub: “Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb”.
O əlavə edib ki, hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.
AZNEWS