Vəzifəli şəxsə cinayət işi açıldı
22 İyul 2014 Çərşənbə Axşamı 14:52
“Dəmirbank”ın işçisi vəzifə səlahiyyətlərindən sui istifadə edib.
Azərbaycanda vəzifəli şəxs barəsində açılan cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Dəmirbank” ASC-nin Sumqayıt filialının vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı məlum olub ki, filialın müdir müavini vəzifəsində işləyən Cabir Sultanovun qulluq mövqeyindən istifadə etməklə filialda müştərinin adına açılmış depozit hesabdan 10 min manat məbləğində pulun alınmasına dair sənədə vətəndaşın əvəzinə imza edib. Həmin məbləği nağd olaraq şəxsən götürərək mənimsəmə yolu ilə talayıb.
Həmçinin Sumqayıt şəhər sakini tərəfindən depozit hesaba köçürülməsi üçün ona verilmiş 40 min manat məbləğində pulu hesaba köçürməyərək etibardan sui-istifadə edib. Dələduzluq yolu ilə ələ keçirməsində, habelə filialın xəzinədar-əməliyyatçısı Səidə Abıyevaya müştərinin iştirakı olmadan rəsmi sənədləri tərtib etdirib.
Müştərinin adından imzasını icra etdirməklə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), S.Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq dövründə dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: