Uşaq bağçasında kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanılıb .
14 Dekabr 2012 Cümə 13:52
Zəhərlənən 11 uşağın hamısı artıq evə buraxılıb.
Ötən gün Binəqədi rayonu 138 saylı uşaq bağçasında baş vermiş kütləvi zəhərlənmə ilə bağlı, Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində CM-nin 200.3-cü yəni, İstehlakçıları aldatma və ya pis kefiyyətli məhsul istehsal etmə və satma maddəsilə, cinayət işi başlanıb. Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq işi başlanıb.
Qeyd edək ki, Binəqədi rayonu 138 saylı uşaq bağçasında baş vermiş kütləvi zəhərlənmə nəticəsində 11 uşaq xəstəxanaya yerləşdirilmişdi. Bu gün aldığımız məlumata görə, 11 uşağın hamısı evə buraxılıb.
Götürülmüş nümunələr Səhiyyə Nazirliyinin ekspertizasına göndərilib və nəticələr 5 günə məlum olacaq. Bu barədə 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev məlumat verib: “Bizim xəstəxanaya daxil olmuş 11 uşaqdan ikisinin vəziyyəti gecə 2 radələrində yaxşılaşdığına görə, valideynləri tərəfindən evə aparılıb. Qalan 9 uşaq isə bu gün səhər saat 10.30-dək kafi vəziyyətdə evə buraxılıb. Onların vəziyyəti stabildir, narahatçılıq yoxdur. Qusma halları qeydə alınmır, qarında ağrı yoxdur. Ümumi halları kafi olduğuna görə, evdə ambulator nəzarətə yazılıblar. Ehtimala görə, bu hadisə qida qəbulundan sonra baş verib. Hər hansı qidanın qəbulundan sonra baş vermiş xəstəlik qida-toksiki infeksiyasıdır”.