Ucarda 2 nəfər yanaraq öldü
09 İyul 2014 Çərşənbə 14:21
Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 209-cu kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Qazel” markalı yük maşını ilə yanacaq daşıyan yük maşını toqquşub. Nəticədə yanacaqdaşıyan yük maşını aşıb və alışıb. Alov qısa zaman içərisində toqquşduğu avtomobilə də keçib.

Qəza nəticəsində “QAZel”də olan iki nəfər yanaraq ölüb. Hadisə yerinə çağırılan xilasedicilərin köməyilə yanacaqdaşıyan avtomobilin sürücüsü maşından çıxarıla bilib. Onun da ağır yaralandığı bildirilir. Bədəninin çox hissəsi yanan sürücü dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar