Son xahiş…
11 Aprel 2011 Bazar Ertəsi 15:10
Mir Cəfər Bağırovun güllələnməmişdən əvvəl nəyi xahiş etmişdi?
Uzun illər Azərbaycan KP MK-nın birinci katibi işləmiş Mir Cəfər Bağırov haqqında cəmiyyətdə müxtəlif fikirlər söylənilir. Bu da səbəbsiz deyil. Bağırovun Azərbaycanın mənafeyi naminə atdığı müsbət addımlar olsa da, 37-ci ildə ziyalılarımızın kütləvi şəkildə repressiyaya məruz qalması cəmiyyətdə onun barəsində despot, diktator kimi fikrin formalaşmasına səbəb olub.

Bağırov həqiqətən diktator idimi? Onun həyatının faciə ilə bitməsinə səbəb nə oldu? Moskvada cəllad Mikoyanın iştirakı ilə Azərbaycana qarşı hansı planlar hazırlanırdı? "El" jurnalı bütün bunları uzun illərdir Mir Cəfər Bağırovun həyat və fəaliyyətini araşdıran tədqiqatçı-yazıçı, AYB-nin üzvü, siyasi liderlər haqqında 8 kitabın müəllifi həkim-psixoanalitik Adıgözəl Məmmədovdan soruşub.

Adıgözəl müəllim, gəlin söhbətimizə ordan başlayaq ki, necə oldu siz Mir Cəfər Bağırov haqqında araşdırma aparmağa başladınız? Bu maraq sizdə haradandır?
Siyasi xadimlərin, liderlərin həyatı məni həmişə özünə çəkib. Anam Yavər Həsənova tarixçi kimi uzun müddət o dövrün reallıqlarının tədqiqi ilə məşğul olub. Əslində, ideya müəllifi də elə anam olub. Atam isə həkim-nevropatoloq idi. Babam Adıgözəl Həsənov Qərbi Azərbaycan elinin sayılıb-seçilən ziyalılarından idi. 1948-ci ildə onlar Azərbaycana köçürülmüş, Sabirabadda məskunlaşmışlar. Bunları deməkdə məqsədim odur ki, insanın psixologiyasının formalaşması 14-24 yaşı əhatə edir. Və şübhəsiz ki, o dövrdə ailəmizdəki mühitin təsiri məndə öz izini qoymalı idi. Tanınmış nevropsixoloq alimlərdən Qoldşteyn və Vernikinin bir təlimi var ki, insan düşdüyü mühitdən qaynaqlanaraq xarakterik xüsusiyyətlərini əxz edir. Atam uzun zaman səhiyyə şöbəsinin baş həkimi olub. Bir müddət sonra onu vəzifədən kənarlaşdırırlar. Hiss edirdik ki, atam daxilən iztirab çəkir. O zaman anam Mir Cəfər Bağırovun faciə ilə bitən taleyini misal gətirərək atama deyirdi: «Neynirəm o qızıl teşti ki, içinə qan qusacağam». Bunu atama təskinlik vermək üçün deyirdi.

Necə oldu ki, Mir Cəfər Bağırov Azərbaycanın birinci katibliyinə qədər ucaldı. Bu yolda ona kimlər dəstək oldu?
Mir Cəfər Bağırovun karyera tarixinə nəzər saldıqda görürük ki, burada həm təsadüflər çoxdu, həm də özünün xüsusi istedadının həyata keçirmək bacarığının olması. Bağırovun gənclik dövrü ümumiyyətlə ziddiyyətli və qaranlıqdır. Bəzi mənbələrdə deyildiyinə görə, Azərbaycan Cümhuriyyəti yaradılan zaman Qubanın yerli mülkədarlarından biri, Quba qəzasının daxili işlər nümayəndəsi Əli bəy Zizinski o zaman Mir Cəfər Bağırovun işə alınması üçün mərkəzə, Bakıya məlumat verib.

Nəyə görə məhz onun haqqında?
Bilirsiniz, Mir Cəfər hələ orta məktəbdə oxuduğu illərdə öz qabiliyyəti, savadı ilə yaşıdlarından seçilirdi. Rus dilini gözəl bilirdi. Müəllimləri ondakı qabiliyyəti görüb pul toplayaraq Həştərxan şəhərinə təhsilini davam etdirməyə göndərirlər. Təhsil alıb geri qayıtdıqdan sonra bir müddət Quba qəzasının Nəcəf kəndində, sonradan isə yəhudilər yaşayan məhəllədə rus dili müəllimi işləyir. Və şübhəsiz ki, o illərdə Mir Cəfər Bağırov kimi istedadlı, bacarıqlı insanlara ehtiyac çox idi.

Milliyyətcə təmiz azərbaycanlı idi?
Bəli, əsli Dərbənddən idi. Mir Cəfər Bağırovun babası Mirheybət Dərbənddən gəlmişdi. Atası Mir Abbas Mir Bağır oğlu və anası Yaxşıxanım Qubada dəfn olunublar. Özləri də türkdürlər.

Bildiyimə görə, Bağırovun vəzifəyə gəlməsində bir sıra görkəmli şəxslərin, məsələn, N.Nərimanovun da böyük rolu olub…
Əslində, Bağırovun vəzifə tramplinində irəliləməsi kommunistlərə qoşulduqdan sonra başladı. N. Nərimanovla da hələ Cümhuriyyət dövründə Həştərxanda tanış olmuşdu. O zaman «Qızıl ordu» artıq Həştərxanda dayanmışdı və Müstəqil Azərbaycanımıza hücumlar haqqında planlar qururdular. Bunun üçün müxtəlif təbliğat qrupları hazırlanır, yerli azərbaycanlılardan «Qızıl ordu»da lazımi məqamlarda təlimçi kimi istifadə edilirdi. Təbliğat qrupunun başında isə N. Nərimanov dayanırdı. N.Nərimanovdan sonra Mir Cəfər Bağırovun həyatında ikinci önəmli rolu olan Lavrenti Beriya olub.


Bağırov Beriya ilə harada tanış olub?
O zaman Beriya Bakıda Maşınqayırma Texnikumunda təhsil alırdı. Bu illərdə o, Müsavat hökumət orqanlarında informator kimi xidmətə başlayır, yəni Müsavat gizli təşkilatının agenti olur. Beriya heç vaxt bunu gizlətmirdi. Həmişə qeyd edirdi ki, xəfiyyə idarəsinin agenti olmuşam və bunu da bildirirdi ki, bunu bolşeviklərin tapşırığı ilə edib. Əslində, burada ikili oyun oynayırdı. 1920-ci il aprelin 28-də «Qızıl ordu» Bakını istila edən ərəfədə Beriya bir müddət Gürcüstana gedir. O zaman Gürcüstanda menşevik Cordaniya dövlət başçısı idi.Yenidən Bakıya qayıdanda həbs edilir.

Onun həbsinə səbəb nə idi?
İkili rol oynaması. Belə ki, xəfiyyə idarəsinin arxivi Şura hökumətinin əlinə keçir. Kartotekada Beriyanın da adı vardı. Ona görə də gələn kimi həbs olunur. Mir Cəfər Bağırov o zaman Beriyanı həbsdən azad etməklə yanaşı, həm də özünə köməkçi götürür.

Adıgözəl müəllim, bilirsiniz ki, Bağırov haqqında xalq arasında yayılmış müxtəlif fikirlər mövcuddur. Və bu da faktdır ki, 37-ci ildə nə qədər ziyalının ölümünə məhz Bağırov imza atıb…
Mən bu fikrə aydınlıq gətirərəm. Hər kəsə olduğu qiyməti vermək lazımdır. Əgər o, diktator kimi görünürsə, qoy elə biz onu diktator kimi tanıyaq. O zaman Mir Cəfər Bağırov-Stalin təxəyyülünün məhsulu kimi cəmiyyətdə yeni bir quruluş formalaşırdı. Bu quruluşda Stalin kimi düşünməyən insanlar, ziyalılar sıradan çıxarılmalı idi. Stalin əslində, paranoidal düşüncə tərzinə malik insan idi. Bircə fakt deyim sizə; Kalininlə Molotovun arvadlarını həbs etdirdikdən sonra Stalin onların ərlərinə mükafat verir. Təsəvvür edin… Stalin bütün düşünən başları məhv edirdi. İlk olaraq Trotski ilə mübarizəyə başlayır, onu SSRİ-dən çıxardır. O vaxt «akademiklər gəmisi» deyilən bir ifadə yaranmışdı. Deməli, 1928-ci ildə Stalin onun əleyhinə olan, onun kimi düşünməyən professor, alim, bir sözlə, ziyalı təbəqəsini bir gəmiyə yığaraq ölkədən çıxarır. Müəyyən insanlar vardı ki, öz fikirlərini açıq yox, dolayı yollarla bildirirdilər. Stalin bunları sonrakı mərhələyə saxladı. Bu mərhələdə 1934-cü ildə Kamenev, Zinovyev, Buxarin kənarlaşdırıldı. 1932-ci ildə Stalin artıq şəxsi torpaq sahəsi olan insanları qolçomaq adı ilə «qulaq» edib bütün torpaqlarını əllərindən alır. O dövrün repressiya qurbanı olan ailələrdən biri də elə bizim ailədir. Babamın 3 kənddə torpaq sahələri vardı. Torpağını əlindən alandan sonra kişi canını qurtarmaq üçün Acariyaya qaçır. 32-ci ildə bu təsərrüfatlar və həmçinin qolçomaqlar adı ilə onların sahibləri aradan götürülür. Bütün bunlar Moskvadan idarə olunurdu. Bu, nə Bağırovun, nə də Beriyanın iradəsindən asılı idi. Bu, Stalinin təfəkkür sisteminin məhsulu idi.

Stalin Bakıda olan ziyalıları necə tanıyırdı? Bakıdan ona dəstək verənlər, «sapı özümüzdən olan baltalar» kimlər idi?

O vaxt Daxili İşlər üzrə xalq komissarı olmuş Nikolay Yecovun 1937-ci ildə verilən 00447 nömrəli əmri vardı. Bu əmrdə hansı kateqoriyalı insanların repressiya olunması göstərilirdi. Məsələn, əski müsavatçılar, Hümmətçilər, əski qolçomaqlar, eserlər, bolşevik və ya menşeviklər, fərqi yoxdur, kökündə millilik varsa, repressiya qurbanı olmalı idilər. Ruhulla Axundov özü yazmışdı ki, mən eser olmuşam. Repressiya məsələlərini Mərkəzi Komitə deyil, NKVD-nin burada olan nümayəndəsi həyata keçirirdi. Faciə o idi ki, savadlı, bacarıqlı adamlara qarşı paxıllıq da baş alıb gedirdi. Dediyiniz kimi, «sapı özümüzdən olan baltalar» hər zaman olub… İstedadlı adamların həmişə bədxahları çox olur. O vaxt Yazıçılar İttifaqında Hüseyn Cavid, Salman Mümtaz, Əhməd Cavad, Ruhulla Axundov, Çəmənzəminli və bu kimi şəxslər ora yığışanlara sanki bir tikan kimi batırdılar. Hansı ki, Azərbaycan üçün çox işlər görmüş bu insanlar həm də böyük bədii təfəkkürə malik idilər, əsərləri Azərbaycandan kənara çıxırdı. Bədxahlar özlərini təsdiq etmək üçün onlar haqqında bütün günü danos yazırdılar.

Bir əhvalat danışım. İki böyük sənətkar Üzeyir Hacıbəyov və Bülbül ömrünün son günlərinə qədər küsülü idilər. Elə olur ki, Üzeyir Hacıbəyov rəhmətə gedir. Mir Cəfər Bağırov onun nəşi qoyulan salona daxil olanda görür ki, Bülbül kövrək səslə oxuyub ağlayır. Əsəbiləşir, deyir ki, özünüz öldürmüsünüz, özünüz də ağlayırsınız. O dövrün ziyalıları üçün bu, görk olmalı idi. Yazıçılar İttifaqının plenumunda şair və yazıçılar sanki bir-birlərini şərh etmək üçün növbə gözləyirdilər…

Mir Cəfər Bağırov yazılan danoslara inanırdı?
Danoslər əsasən birbaşa Moskvaya və NKVD nümayəndələrinə göndərilirdi.

Bildiyimə görə, bizim bəzi görkəmli ziyalılardan ötrü Mir Cəfər Bağırova müraciətlər olunmuşdu. Məsələn, Salman Mümtaza görə. Amma nəticəsi o olur ki, Salman Mümtazı həbs edərək güllələyirlər. Halbuki S.Mümtaz klassiklərimizin arxivini toplayan böyük tədqiqatçı idi…
Mən Bağırovu mələk hesab etmirəm. O, sadəcə, həmin idarəetmənin bir mexanizmi idi.

Elə olubmu ki, Bağırov NKVD tərəfindən nəzarətə götürülən hər hansı bir ziyalının həbsinin qarşısını alsın?

Bəli, o dövrdən salamat qurtulanlar olub. Amma çox vaxt onun sözü keçmirdi. Məsələn, o vaxt Azərbaycan Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanov vardı, Bağırov ondan ötrü NKVD-nin Bakı nümayəndələrinə müraciət edir, Stalinə teleqram vurur, deyir ki, bəs bu adam şəkər xəstəsidir, xəstəliyini nəzərə alıb onu həbsdən azad edin. Amma onun sözü keçmir. Bağırovun belə müraciətləri səngimirdi. Artıq mərkəzə siqnal verirlər ki, Mir Cəfər Bağırov Stalinin siyasi islahatlarını həyata keçirməkdə bizə mane olur. 1939-cu ildə Bağırovun mövqeyi möhkəmlənir. Çünki 38-ci ildə Yecov həbs olunur, Beriya müavin gəlir. Stalin çox keçmir ki, Beriyanı irəli çəkir və birbaşa Yecovun yerinə təyin edir. Bundan sonra Mir Cəfərin əl-qolu açılır. Artıq onun diktəsi ilə həmin NKVD nümayəndələrinin qovulması başlayır.

Mir Cəfər Bağırovla Stalin arasında hər hansı bir konflikt olub?
Hə,1947-ci ildə azərbaycanlıların deportasiyası məsələsi ilə bağlı onlar arasında söz atışması olub. Stalin hətta onu 4 ay vəzifədən də uzaqlaşdırır. Yenə də onun köməyinə Beriya çatır. Onun köməyi ilə Bağırov vəzifəsinə qaytarılır.

Deyilənə görə, Bağırovun tərifdən xoşu gəlmirdi. Bu düzdür?
Bəli, düzdür. Onda belə bir xüsusiyyət vardı. 1934-cü ilin materiallarına baxmışam. Orada belə bir fakt var ki, Bağırovun hakimiyyətə gəlişinin bir ili tamam olan vaxt Tiflisə hesabatlar yığılırmış. Hesabat siyahısında kolxoz sədrlərindən biri Mir Cəfər Bağırovun şəninə təriflər yağdırmağa başlayır. Mir Cəfər hirslə deyir ki, mətləbə gəl, dəxli olmayan məsələlərdən danışma.

Adıgözəl müəllim, Cənubi Azərbaycanda 46-cı il hadisələri zamanı M.C.Bağırov nəyə görə Məhəmməd Pişəvərini sonadək müdafiə etmədi?

Bununla bağlı məsələnin bir qədər əvvəlinə qayıdaq. O vaxt üçtərəfli sazişə əsasən sovet ordusu İranı tərk etdikdən sonra Bağırov çalışırdı ki, demokratik firqənin fəaliyyətini yerli, cənubi azərbaycanlıların öz potensialı hesabına qoruyub-saxlasın və eyni zamanda firqənin silahlı qüvvələri təşkil olunsun. Hətta bunun üçün Gəncədə Cənubi Azərbaycandan gələn insanların hərbi hazırlığı həyata keçirilirdi. Bu isə Moskvanın siyasətinə zidd idi və Bağırovun müəyyən qədər özbaşınalığı, öz iradəsini ortalığa qoyması, hərəkatın iflasa uğramasının qarşısını almaq üçün son cəhdlərdən idi. Bağırovun bu cür hərəkətləri dediyim kimi, Moskvanın xoşuna gəlmədi və buna görə də Kremlin emissarları demokratik firqənin içərisində ikitirəlik yaratdılar. Mir Cəfər Bağırovun Pişəvərini axıra qədər müdafiə edə bilməməsinin səbəbi budur.

Bəs həmin ərəfədə Cənubdan Şimali Azərbaycana üz tutan soydaşlarımızın Bağırovun qəzəbinə tuş gəlməsinin səbəbi nə idi?

Bilirsiniz, Pişəvəridən sonra firqə rəhbərliyinə Məhəmməd Biriya gətirilir. Bu həmin Məhəmməd Biriyadır ki, Bağırovun başı üstündən birbaşa Molotovun göstərişi ilə İran parlament seçkilərini Cənubi Azərbaycan ərazisində keçirmək üçün icazə verir və İran qoşunlarının bu ərazidə dislokasiya olmasına bəyannamə imzalayır. Bu hadisə Bağırovda demokratik firqənin xəyanətinə qarşı bir qəzəb yaradır. Bağırov onlarla hesablaşmaq üçün zaman gözləyir. Belə bir zaman isə demokratik firqə üzvlərinin siyasi sığınacaq kimi Azərbaycana üz tutması vaxtı olur.

O vaxt İran hökumətinin də Azərbaycan türklərinə qarşı münasibəti yaxşı deyildi…
Nəinki yaxşı deyildi, hətta İranda azərbaycanlılara qarşı soyqırım başladı. Bir gündə 25 min adam dar ağacından asıldı. Şahidlərin dediyinə görə, yollarda o qədər insan cəsədi vardı ki, atlı araba ilə keçmək üçün hər on dəqiqədən bir dayanıb yolu açmaq lazım gəlirmiş… Demokratik firqə üzvləri Bağırovun ətrafına yığışaraq bu soyqırımın qarşısını almaq üçün ondan kömək gözləyirdilər.

Bağırov onlara hər hansı bir kömək etdimi?
Bağırov şəxsən Stalinə zəng vuraraq İranda azərbaycanlılara qarşı olan bu soyqırımın qarşısını almasını xahiş edir. Stalinin isə ona cavabı belə olur: «Mən 5 milyonluq azərbaycanlıya görə üçüncü dünya müharibəsini başlamaq istəmirəm». Şahidlərin dediyinə görə, bu cavabdan sonra Mir Cəfər Bağırov hönkür-hönkür ağlayırmış. Əslində, bu, əsarətdə olan xalqın acizliyi idi.
Baş tutmayan çevriliş. İstərdim bu barədə də danışasınız.

Bəli, belə bir əhvalat olub. Bu, əslində, Beriya-Bağırov birliyinin Xruşovla Molotova qarşı həyata keçirə bilmədikləri bir plan idi. Belə ki,1953-cü ildə Stalinin ölümündən sonra hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə iki qruplaşma vardı. Molotov, Kaqanoviç, Xruşov - bunlar Beriya hakimiyyətinin əleyhinə olanlar idi. O biri tərəfdə isə Beriya, Kabulov, Qoblidze və Malenkov idilər. Stalinin ölümündən Beriyanın həbsinə qədərki 4 ay müddətində hər iki tərəf hakimiyyətə gəlmək üçün müxtəlif vasitələrə əl atırlar. Çünki Molotov və Mikoyan gözəl başa düşürdülər ki, Beriya ilə Bağırovun hakimiyyətdə təmsil olunması onların həyatının sonudur. Beriya Stalindən sonra bir növ tək qalır və Stalinin opponenti kimi onlara qarşı müxalif olmaq Beriyanın artıq siyasi yox, fiziki sonu demək idi. Ona görə də 1953-cü ildə Beriyanı həbs edirlər.

Onun həbsini nə ilə əlaqələndirirlər?
Rəhmətlik Mikayıl Abdullayev mənə danışırdı ki, Beriyanın həbs səhnəsi qurulmuş ssenari əsasında baş tutub. Onlar Beriyadan o qədər qorxurdular ki, prosesi həyata keçirmək üçün onu dövlət işçisi kimi 10 günlük Yuqoslaviyaya danışıqlara göndərirlər. Beriya gedən kimi Xruşov Cukovu yanına çağırır. Deyir ki, nə fikirləşirsiniz, bu əclafı biz axır yerinə oturtmalıyıq, ya yox? Cukov soruşur ki, hansı əclafdan danışırsız? Xruşov deyir: «Beriyanı deyirik». Cukov isə: «Mən candarm deyiləm, amma bu işi ürəklə edərəm», - cavabını verir. Cukovun belə deməsinin səbəbi vardı; o da Beriyadan yanıqlı idi. Çünki məhz Beriya Cukovu Stalinin gözündən salmış, Stalin onu Müdafiə Nazirliyindən uzaqlaşdırıb Odessaya, sonradan isə Urala göndərmişdi. Təbii ki, Cukov orduda marşal olmuş və kifayət qədər müharibələrdə iştirak etmişdi, böyük nüfuza malik idi. Ordunun kimin tərəfində olmasından isə çox şey asılı idi. Cukov öz yaxın ətrafı ilə danışıqlar aparır. Vətəndaş müharibəsi baş verməsin deyə, prosesi çox gizli aparırlar. Amma Beriyanın da imkanları geniş idi, KQB, NKVD onun əlində idi. Nəhayət, Beriya Yuqoslaviyadan qayıdır. Beriyanın yaxın dostu Malenkov da artıq Xruşov tərəfə keçmişdi. Malenkov Beriyaya zəng vurur ki, iclasdı, tez gəl, Xruşov çağırır. Beriya əsəbi vəziyyətdə gəlir və kreslosuna yayxanır. Xruşova həmişə «xryuşa» deyərdi, bunun da mənasını bilirsiniz. Beriya deyir: «Xryuşa, niyə axı bizi iclasa belə gec yığırsan?». Xruşov əvvəlcədən Cukovla danışmışdı ki, mən siqnalı basanda sən generallarla gəl, Beriyanı həbs et. Xruşov ayağa qalxıb deyir: «Biz bura yığışmışıq ki, antipartiya, antidövlətçi olan Beriyanın məsələsini müzakirə edək. Kim bunun lehinədir?». Xruşov görür ki, heç kəs əl qaldırmır. Vəziyyəti belə görəndə siqnalı basır, Cukov içəri girir və əli silahlılar Beriyanı dizi üstə oturdurlar. Bu zaman Xruşov baxır ki, artıq bütün əllər qalxır. Beləliklə, Beriya həbs olunur və güllələnir.

Yəqin ki, burada Mikoyanın da barmağı vardı?
Şübhəsiz. Xruşova ideya verən də elə Mikoyan idi. Mikoyanı isə Molotov təyinatlandırırdı.

Bu da faktdır ki, Mikoyan Azərbaycan xalqının ən böyük düşməni idi…
Sizi inandırıram ki, Mikoyan Azərbaycanın ümumiyyətlə, mövcud olmasını istəmirdi. Allahın bizə rəhmi gəlib ki, o vaxt burada Bağırov, orada isə Beriya vardı.

Onun bu nifrətinə səbəb nə idi?
Bütün ermənilər kimi onun da içində türklərə, o cümlədən də bizə qarşı dərin bir patoloji nifrət vardı. Digər tərəfdən də Mir Cəfər Bağırov Mikoyanın tarixi keçmişi ilə bağlı qapalı şifrə altında Moskvaya informasiya ötürür. Bu informasiya 26 Bakı komissarı ilə bağlı idi. O zaman Bağırovun Moskvada yüksək vəzifəyə gətirilməsi məsələsi gündəmdə idi. Bəzi mənbələrin bildirdiyinə görə, onun Siyasi Büroya girişi gözlənilirdi. Mikoyan Bağırovun Moskvada təmsil olunmasını qəbul edə bilməzdi. Bağırov Mikoyanın 27-ci Bakı komissarı olduğunu bilirdi və bunu Beriya ilə Stalinə ötürə bilmişdi.

İnformasiyanın mənbəyi hardan qaynaqlanırdı?
1952-ci ildə Bakıda Roflin adında bir agent tutulur. İstintaq zamanı o, Mikoyanla bağlı çox ciddi məlumat verir. Roflin bildirir ki, 27-ci Bakı komissarı Mikoyan imiş. Mikoyanı ingilislər ələ almışlar və onların məxfi agenti olması şərtiylə azad etmişlər. Bağırov bu məlumatı yuxarıya ötürdükdən sonra Mikoyanı həbs eləmək üçün plan hazırlanır. Stalin həm Mikoyanın, həm də Molotovun Siyasi Bürodan çıxarılması haqqında qərar verir. Amma vəzifədən çıxarsa da, hələlik Siyasi Büronun üzvü kimi qalırlar. İstintaq başlayır və onların həbsi gündəmdə olur. Lakin bu arada Stalinin ölümü bütün vəziyyəti dəyişir.

Stalinin ölümünə səbəb nə idi?
Onun ölümü bir qədər müəmmalı qalır. Bu məsələdə erməni xəttinə də baxmaq lazımdır. Bunu Beriyanın üstünə atsalar da, əslində, onun Stalinin ölümündə marağı yox idi. Stalinin ölümündən sonra Beriya Kremldə tək qalmışdı.

Dediniz ki, Beriya-Bağırov birliyi süquta uğrayır. Bəs onda Xruşov Bağırovu nə əcəb 53-cü ildə Moskva plenumundan sonra həbs etdirmədi?
Çünki Bağırov hələ ona lazım idi. Xruşov və onun əlaltılarının Beriyanın güllələnməsi hökmünün doğruluğunu sübut etmək üçün lazım idi. Xruşov M.C.Bağırovu nəinki həbs etmədi, hətta ona yeni vəzifə də təklif etdi. Əslində, bu, Xruşovun taktiki bir gedişi idi. Və bir neçə ildən sonra onun hakimiyyətdə möhkəmlənməsi Bağırovu da Beriyanın aqibəti ilə üzləşdirdi.
1953-cü il 13 iyul plenumunda Bağırov vəzifəsindən azad olunur. Və Azərbaycandan zorən çıxarılır. Üç gündən sonra şəxsi işi Sov.İKP MK-nın sərəncamına göndərilir. 53-cü ilin sonuna qədər Moskvadakı evində həyat yoldaşı Yevgeniya və oğlu Cenlə partiyanın təyinatını gözləyir. 1954-cü ilin yanvarında onu Kuybışev Neft İdarəsinin kadrlar üzrə rəis müavini təyin edirlər. Hətta Azərbaycandan bir neçə jurnalist orada ondan müsahibə də götürür və burada nəşr etdirirlər. Amma 54-cü ilin sonunda ona münasibət dəyişir. Bağırovu partiya sıralarından çıxarırlar, 55-ci ildə onu həbs edirlər. Həm Bakıda, həm də Moskvada istintaq aparılır. O zaman Bağırovun 61 yaşı vardı.

Mir Cəfər Bağırov əsasən nədə ittiham olunurdu?
Bağırovun məhkəmə materialları 12 cilddən ibarətdir. Burada şayiə, qeybətlərdən tutmuş, hər şey var. Onu ən çox repressiyaların təşkilində ittiham edir, repressiya illərindəki «fəaliyyətini, xidmətlərini» üzünə vururdular. Amma bu işin sifarişçiləri birbaşa ümumittifaq səviyyəsində repressiyaları həyata keçirənlər özləri idi. İstər Xruşov, Mikoyan, Bulqarin, istərsə də Voroşilov - hamısı Stalinin yaxın ətrafına aid edilirdilər. Onlar Stalin təfəkkürünün məhsulu olan repressiyaların sifarişçilərinin can-başla yerlərdə icraçıları idilər. Moskva nümayəndələri yaxşı bilirdilər ki, Azərbaycan mühitində insanları ləkələmək üçün burada pis qəbul olunan hansı yarlıkları ona yapışdırmaq lazımdır. Bunlardan ən birincisi isə onu şəhvət hissinə meyilli insan kimi göstərmək idi. Guya Mir Cəfər Bağırov qatarda rayonlara gedəndə hər yerdə bir gözəlçə ilə eyş-işrətlə məşğul olurmuş və s. Hətta bunu təsdiqləmək üçün yalançı şahidlər də tapılırdı. Onlar öyrədilmiş adamlar idi ki, onun üzünə dururdular. Və bütün bu ittihamlar, təbii ki, onun əleyhinə idi.

Bağırovun ətrafında bir erməni də vardı. Həmin erməni bir çox insanlarımızın məhvinə səbəb olmuşdu….
Yəqin ki, Qriqoryanı nəzərdə tutursunuz. Əvvəldə dediyim kimi, kim olmasından asılı olmayaraq bu məsələlər yuxarıdan, Moskvadan gələn əmrlərlə yerinə yetirilirdi. Birbaşa Yecov həll edirdi. Bir də axı repressiya tək bizdə deyil, digər müttəfiq ölkələrdə də həyata keçirilirdi.

Bağırov istintaqa qədər harada saxlanılırdı?
Bağırov və onunla birgə həbs olunanları KQB-nin istintaq izolyatorunda yerləşdirirlər. O vaxt gənc çekist olan, indi isə ahıl yaşlı Mürvət müəllim mənə belə bir xatirə danışdı: «Mir Cəfər Bağırovun olduğu kamerada hər cür şərait yaradılmışdı. O, verdiyim yeməkləri yemir, başını qaldırmadan əliylə "yox" işarəsi edir, axşamadək nə isə yazırdı. Məhkəmənin sonuncu günü yenə ona yemək apardım. Yenə də imtina etdi. Mən israr edəndə o, qəhqəhə çəkib güldü, sonra məni yanına çağırdı və dedi: "Səndən çekist olmaz". Soruşdum, niyə? Dedi: "Çünki ürəyin çox yumşaqdır". Həmin gün ona güllələnmə hökmü kəsildi.

Bağırov məhkəmənin bu hökmünü necə qarşıladı?

Şahidlərin dediyinə və məhkəmə materiallarına görə, Bağırov özünü axıra qədər çox soyuqqanlı və təmkinli aparıb. Mürvət müəllim danışır ki, Bağırov izolyatora qayıdanda görür ki, 25 il həbs cəzası almış Atakişiyev isterik vəziyyətdə özünü yerə çırpır, hətta ağzını pilləkənin tutacağına çırparaq 3 dişini sındırdı, ağzı partladı. Bunu görən Bağırov ona çox qəzəblə baxaraq üzünə tüpürdü.

Eşitdiyimə görə, onun yaxın ətrafı da məhkəmədə üzünə durdu. Bu doğrudur?
Mən kitab yazanda Nazirlər Sovetinin sədri olmuş Teymur Quliyevin qızı Minara xanımla görüşdüm. Mənə çox kömək etdi. Minara xanım Teymur Quliyevin ölümünə yaxın bir etiraf etdiyini söylədi. Teymur Quliyev son nəfəsində Bağırovun məhkəməsini xatırlayaraq qızına deyib ki, «Bağırovun böyüklüyünü onda gördük ki, baxmayaraq ki, hamı onun üzünə durdu, amma o, bütün zərbələri üzərinə götürməklə bizi xilas etdi. Biz isə onun etdiklərinə eyni münasibət göstərə bilmədik...». Yəni məhkəmə elə qurulmuşdu ki, yuxarıdan verilən əmrə uyğun iki rus, Barşov və Yemelyanov, iki erməni, Markaryan və Qriqoryan, iki azərbaycanlı, Mir Cəfər və Atakişiyev mühakimə olunurdular. Bununla da məhkəməyə beynəlmiləlçilik görkəmi vermək istəyirdilər. Məhkəmədə qeyri millətlərə bildirilmişdi ki, Mir Cəfər Bağırovu nə qədər günahkar kimi təqdim etsəniz, bir o qədər özünüzü xilas etmiş olarsınız.
Məhkəmə islasını kim aparırdı?
Birbaşa Rudenko özü.

Məhkəmədə Bağırov son söz istəyib. Nə idi onun son xahişi?
Bəli, Bağırov son söz istəyib. Bəzən yazırlar ki, guya Bağırov deyib günahlarım çoxdur, məni güllələmək azdır, parçalamaq, şaqqalamaq lazımdır. Bu mənim tanış olduğum heç bir stenoqramda yoxdur. O, dəfələrlə deyib ki, mənim siyasi xadim kimi səhvlərim çox olub, ancaq xalqımın qarşısında alnım açıqdır.
Onun son xahişi 1941-45-ci il müharibəsində qəhrəmanlıqla həlak olan oğlu Mircahangir Bağırovun qəbrini ziyarət etmək olur. Qeyd edim ki, Mircahangir onun birinci həyat yoldaşı Mariya xanımdan olan övladıdır. Müharibədə təyyarəçi idi. Üç alman təyyarəsini vurduqdan sonra öz təyyarəsinin zədələnməsinə baxmayaraq dördüncü təyyarəni də vuraraq özünü məhv etmişdi. O vaxt SSRİ Ali Sovetinin sədri Kalinin Mircahangir Bağırova Sovet İttifaqı Qəhrəmanı adını vermək istəsə də, Mir Cəfər Bağırov buna razı olmur, deyir ki, mənim oğlum olduğuna görə bu adı ona rəva bilmirəm. Kompromis bir variant kimi Lenin ordeni ilə kifayətlənirlər. Nə isə, məhkəmə ona oğlunun qəbrini ziyarət etməyə icazə verir. Mircahangir Bağırovun qəbri Badamdar qəbiristanlığındadır. Hərbi mühafizənin müşayiəti ilə Mir Cəfəri oraya aparırlar. Mir Cəfər məzara yaxınlaşır, oğlunu sığallayırmış kimi başdaşını sığallayır, qucaqlayaraq öpür, göz yaşları toz basmış sinədaşının üstünə tökülür. Bağırov dil deyə-deyə oğlu ilə vidalaşmağa başlayır. Sonra başdaşına nə isə pıçıldayır. Bu səhnədən hətta hərbi xidmətin rus komandiri də qəhərlənir və Mir Cəfər Bağırovu geri çağırmaq istəyir. Amma orda olan azərbaycanlı mühafizəçilər deyirlər ki, dəymə, qoy oğlu ilə vidalaşsın. Nəhayət, ona bildirirlər ki, daha getmək lazımdır. Bu zaman o, sonuncu dəfə oğlunun başdaşını qucaqlayaraq «səninlə bərabər ölə bilmədim…», - deyir…


Bağırovun məhkəmədən sonrakı taleyi necə olur?
1956-cı il aprelin 6-da məhkəmədə ona ölüm hökmü oxunur. Bundan sonra Bağırovun istəyi olmadan vəkili SSRİ Ali Sovetinə hökmün ləğv edilməsi ilə bağlı müraciət edir.Təsadüfə baxın ki, həmin dövrdə SSRİ Ali Sovetinin sədri Voroşilov müraciət ünvanlanan zaman məzuniyyətdə idi. O zaman da Ermənistan respublikasının başçısı Voroşilovu əvəz edirdi. Erməni xisləti özünü büruzə verir, Bağırovun vəkilinin şikayətinə baxılmır. 1956-cı il aprelin 27-də Bağırov güllələnir.

Ölümündən sonra Bağırovun ailəsinin taleyi necə oldu?
Əvvəldə qeyd etdiyim kimi, Mir Cəfər Bağırovun birinci xanımı Mariya tatar qızı idi. Ondan bir oğlu Mircahangir var idi. Mariyanın vəfatından sonra milliyyətcə rus Yevgeniya Mixaylovna ilə evlənir, ondan da bir oğlu Cen (Cəfər və Yevgeniyanın birləşməsi) dünyaya gəlmişdi. O da sonradan dünyasını dəyişir.

Bağırovun nəslindən indi sağ qalan varmı?
Təəssüf ki, yox. Sonuncu nəvəsi Mir Cəfər Bağırov 27 yaşında idi, hələ ailə qurmamışdı. 2005-ci ildə Hindistanda avtomobil qəzasında həlak oldu.




DOSTLARINLA PAYLAŞ:

oyunlar