Sevinc Babayevanın oğlu yataq xəstəsinə çevrilib
28 İyul 2013 Bazar 18:13
Ayxan Məmmədov xeyli arıqlayıb, ürəyində, böyrəyində qəfil sancılar əmələ gəlib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə yer alan, daha sonra İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov yataq xəstəsinə çevrilib. Bu barədə məlumatı “Yeni Müsavat”a özünü A.Məmmədovun tanışı kimi təqdim edən, lakin adını gizli saxlayan bir nəfər verib.

Həmin adam deyib ki, hazırda A. Məmmədov xeyli arıqlayıb, ürəyində, böyrəyində qəfil sancılar əmələ gəlib, yeyib-içdiyini qaytarır. Tanışının sözlərinə görə, A.Məmmədovun və ailəsinin onu müalicə etməyə imkanı olmadığı üçün olduqca pis durumdadır: “Ayxan heç yerdə işləmir, gəliri də yoxdur. Nənəsi də təqaüdçü qadındır, 120 manat təqaüdlə dolanır. Bu adam xəstəxanada müalicə olunmalıdır. Amma buna pulları yoxdur. Kimə ağız açırlarsa, yox cavabı alırlar. Qohum-əqrəbaları, anasının dostları onlara heç bir yardım etmir”.

Tanışı A.Məmmədovun zəhərlənməsindən şübhələnir. Onun sözlərinə görə, bu vaxta qədər sağlam həyat tərzi keçirən bu gəncin qəfil bu vəziyyətə düşməsi düşündürücüdür: “O, əriyib çöpə dönüb. Yerindən tərpənə bilmir. Xəstəxanaya getmək pul deməkdir. Analiz, müalicə lazımdır ona. Bu da 5-10 manatla başa gələn şey deyil. 4 gündür yerimir. Sistem alıb qoşdurdu, amma onun da cəmi bir faiz xeyri olub”.

Xəbəri dəqiqləşdirmək üçün qəzet A. Məmmədovla əlaqə saxlayıb. A.Məmmədov telefon zənginə cavab versə də, səhhətindən dolayı danışmaq imkanında olmadığını deyib. O, səhhətindəki kritik durumu təsdiqləyib, amma əlavə suallara cavab verə bilməyib. Bir cümlə ilə dövlətdən dəstək istəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar