Şəmkirdə 117 yaşlı nənə cinayətdə günahlandırılır .
24 Noyabr 2012 Şənbə 18:52
Nənənin qaz sayğacına “əməl” etdiyi bildirilir
Dünyanın ən yaşlı sakinlərindən biri, 117 yaşlı qadın Şəmkirdə yaşayır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Yasəmən Qasımova 1895-ci ildə Şəmkirin Dəllər qəsəbəsinə doğulub. Hazırda da həmin qəsəbədə tənha yaşayır.

O, uzun ömürlülüyünü sağlam qidalar yeməsi ilə əlaqələndirir. Nənənin dediyinə görə, o, indi də mağazada satılan ərzaqları almır.

“Yalnız təbi məhsullar, tərəvəz, yumurta, ağartı kimi məhsullar yeyirəm. Bu məhsullarla qidalanıram”, - deyə nənə bildirib.

117 yaşı olsa da, eşitmə qabiliyyəti, görmə qabiliyyəti yaxşıdı. Yasəmən Qasımova asta hərəkət edir. İşlərini özü görür, bütün ehtiyaclarını özü ödəyir.

“Bizim nəsil uzunömürlülərdir. Əmim 100 ildən çox yaşayıb”, - deyə Y. Qasımova vurğulayıb.

Nənənin 3 övladı var. Lakin nəvələrinin və nəticələrinin sayını dəqiq bilmir.
İndi ahıl yaşlı nənənin bir problemi var. Y. Qasımovanın evinə verilən “mavi yanacaq” dayandırılıb.

Şəmkir rayon Qaz İdarəsindən nənəyə bildiriblər ki, onun 600 manat borcu var. Üstəlik, idarənin işçiləri bildiriblər ki, nənə qaz sayğacına “əməl” edib.

Y. Qasımova isə and-aman edir ki, qaz sayğacına əlini belə vurmayıb. Lakin nənənin yalvarışlarına əhəmiyyət verilmədən, onun evinə verilən “mavi yanacaq” bərpa edilməyib. İndi yaşlı qadın yeməyini odun sobasında bişirir. Elə həmin odun sobası ilə də evini qızdırır.









DOSTLARINLA PAYLAŞ:

oyunlar