Salyandakı tektonik çat cənuba doğru hərəkət edir
05 Aprel 2011 Çərşənbə Axşamı 17:39
Akademik Arif İsmayılzadə ANS PRESS-ə bu çatların təhlükəsindən danışıb
Bir neçə gün əvvəl Azərbaycanın Salyan rayonu ərazisində aktiv şəkildə müşahidə olunan tektonik çatlama hazırda Lənkəran şəhəri tərəfə hərəkət edir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer elmləri bölməsinin akademik-katibi, akademik Arif İsmayılzadənin ANS PRESS-ə verdiyi məlumata görə, Salyan - Hacıqabul zonasında tektonik aktivliklə bağlı müşahidə olunan çatlar o qədər də təhlükəli olmasa da hərhalda dərindir.

“Bu zona Xəzər dənizinin şərq hissəsində yerləşən Şərqi Kaspian qırılması üzərində yerləşir. O, qırılma da müəyyən vaxtlarda tektonik cəhətdən aktivləşir. Hazırda bu qırılmada aktivləşmə müşahidə edilir. Bu qırılma üzərində yerləşən palçıq vulkanlarının aktivləşməsi, baş verən çat sözlərimə əyani sübutdur”, - deyə Arif İsmayılzadə bildirib.

Akademik ilk olaraq Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmoloji Xidmət Mərkəzinə məlumat verildiyini və bundan sonra həmin zonaya baxış keçirildiyini vurğulayıb.

“Müşahidə nəticəsində deyə bilərəm ki, hazırda Salyanda elə də təhlükəli vəziyyət yoxdur. Yer qatının dərinliyində yaranan qırılma nəticəsində səthdə çatlamalar da müşahidə olunur. Hazırda tektonik proseslər zəif gedir. Ancaq gələcəkdə bu aktivliyin artacağı istisna edilmir”, - deyə akademik Arif İsmayılzadə bildirib.

Akademikin sözlərinə görə, buna bənzər çatlamalar Salyan-Hacıqabul zonasında əvvəllər də müşahidə edilib. “Belə qırılmalar bu zonada əvvəllər də müşahidə olunub. Sadəcə olaraq burada torpağın üst qatı yumşaqdır. Əvvəllər çat əmələ gəldikdən sonra torpaq qatı onun üstünü örtüb. Bu zonada tez-tez 3,5-4 bal gücündə zəlzələlər olur. Belə zəlzələri biz heç hiss etmirik”, - deyə Arif İsmayılzadə qeyd edib.

AMEA-nın Geologiya institununun Palçıq Vulkanizmi şöbəsinin müdiri Adil Əliyevin sözlərinə görə isə qırılma davam edərsə, burada yerləşən vulkanlarin püskürməsi istisna olunmur. “Çatlar əmələ gəlib. Bu çatlar Salyandan başlayaraq şimal istiqamətində izlənilir. Bunu araşdırıb bir fikir söyləmək lazımdır. Əgər bu hadisə davam etsə, enerji toplamış hansısa vulkana təsir edə bilər”, - Adil Əliyev bildirib.

Xatırladaq ki, Salyan-Hacıqabul rayonları ərazisində 14-28 fevral 2011-ci il tarixlərində maqnitudası 2,3-2,8 bal gücündə olan zəlzələlərdən sonra Hacıqabul rayonu ərazisində torpaq aralanması baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri həmin əraziyə baxış keçiriblər. Baxış zamanı ərazidə baş verən torpaq parçalanmasının Qərbi Xəzər lineamentinin aktivləşməsinin nəticəsində əmələ gəldiyi müəyyən olunub.

Bir neçə gün əvvəl isə Salyan-Hacıqabul zonasında tektonik çatlar müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətin baş mühəndisi Şaiq Niftiyevin sözlərinə görə, tektonik yarıq Lənkəran, Salyan, Şirvandan keçərək şimal-şərq istiqamətinə doğru gedir. Yer səthində bir o qədər hiss olunmasa da, əslində çatın eni yerin bir qədər dərinliyində 2 metri keçir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar