RoyalBank filial müdiri barədə cinayət işi
21 İyul 2014 Bazar Ertəsi 15:56
RoyalBank filial müdiri 150 min manat mənimsəməklə ittiham edilir.
“RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin “Qazax” filialının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istintaq zamanı 2008-2012-ci illərdə filialın müdiri vəzifəsində işləmiş Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək dövlət büdcəsinə xeyli ziyan vurub.
O, cəmiyyətin vəzifəli şəxslərilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş pul vəsaitinin 150 min manatını kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib mənimsəməklə “RoyalBank” ASC-yə külli miqdarda ziyan vurub. Bu şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
DOSTLARINLA PAYLAŞ: