Quldurlar mənzildən 200.000 dollar aparıb
30 Noyabr 2009 Bazar Ertəsi 16:55
Quldurlar mənzildən 200.000 dolları necə aparıb? Dəstə üzvlərinin fotoşəkilləri və hadisənin təfərrüatları ANS PRESS-də...
Bakı şəhərində quldurluqla məşğul olan 5 nəfərlik dəstə tutulub. ANS PRESS həmin şəxslərin fotoşəkillərini və hadisənin təfərrüatları ilə bağlı məlumatı əldə edib. Dəstə üzvləri noyabrın 23-də Riqayə Məmmədovaya məxsus mənzilə daxil olaraq 200 min dollar və qızıl-zinət əşyaları aparıb. Hadisə baş verən zaman 3-cü mikrorayon, Cavadxan küçəsi 36, m. 52 ünvanında yerləşən evdə iki azyaşlı uşaq olub. Böyüklərin evdə olmamasından istifadə edərək mənzili soyan şəxslər qara maskada olub. Qapı zənginin çalındığını eşidən uşaqlar ehtiyatsızlıq edərək tanımadıqları şəxsləri evə buraxıb. Həmin şəxslər Əmir Kərimlini və onun tanışı Qədir Azadlını tapança ilə hədələyib və onların əl-qolunu lentlə bağlayaraq mənzili ələk-vələk edib.

Nəsimi rayon Polis darəsinin 19-cu polis bölməsinin əməkdaşları quldurluq hadisəsinin üstünü açıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Zəngilan rayon sakini Racu Mehrəliyev, Bakı şəhər sakinləri Elnur Mirzəliyev, Hüseyn Qurbanov, Qabil Məmmədrzayev və Mirzə Ağayev tutulub. Onlardan 1 ədəd beşbarmaq, 7 ədəd müxtəlif çaplı patron, 1 ədəd videokamera, 4.900 dollar və 400 manat götürülüb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə küllli miqdarda pulun olması barədə məlumatı oğrulara bir müddət həmin ailənin sürücüsü olmuş Mirzə Ağayev verib. Mirzə məlumatı beş il tanıdığı dostu Qabil Məmmədrzayevə ötürüb. M.Ağayevin sözlərinə görə, Qabilə məlumatı verərkən onun niyyətindən xəbərdar olmayıb.

Saxlanılan Qabil Məmmədrzayev Cavadxan küçəsindəki mənzil barədə məlumat alandan sonra tanışı Racu Mehrəliyevlə görüşmək qərarına gəlib. Qabilin Racuya "evdə 15 milyon dollar pul var" deməsi sonuncunun ağlını başından alıb.

Racu və Elnur əvvəldən planlaşdırdıqları kimi oğurluq edəcəkləri evin sahiblərini bir müddət izləyərək məlumat toplayıb. Təxminən 3-4 gün çəkən izləmə prosesi nəticəsində evin sakinlərinin mənzildən çıxma və qayıtma vaxtları dəqiqləşdirilib. Dəstə üzvləri noyabrın 23-də təxminən saat 14 radələrində qurduqları planı həyata keçiriblər. Həmin vaxt mənzildə ev sahibinin oğlu, 54 saylı orta məktəbin 8-ci sinif şagirdi Qədir Azadlı və onun dostu Əmir Kərimli olub. Uşaqlar dərsdən evə qayıdarkən basqınçılar onların ardınca mənzilə soxulub. Bu zaman Racu Mehrəliyev binanın həyətində gözləmə mövqeyində dayanıb, mənzilə isə Hüseyn Qurbanovla Elnur Mirzəliyev daxil olub.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar