Qızılağac Qoruğu sahesinde yanğın baş verib
19 Oktyabr 2013 Şənbə 21:00
Qızılağac Qoruğu sahesinde yanğın baş verib. Biçilmiş taxıl sahələrinə vurulan od güclü külək nəticəsində sürətlə genişlənərək təbiət qoruğunun ərazisinə keçib və 100 hektar ərazini əhatə edib.
Qızılağac Dövlət Təbiət Qoruğununda yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib. Güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçmiş və 100 hektara yaxın ərazini əhatə edib.
Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.
ETSN-nin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində yanğın lokallaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində işlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
DOSTLARINLA PAYLAŞ: