Qidadan zəhərlənən şəxslərdən biri də öldü
14 Dekabr 2012 Cümə 10:37
Xaləddin İsmayılov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bu gün səhər saatlarında Ağdam rayonunda qidadan zəhərlənən şəxslərdən biri də dünyasını dəyişib. Qidadan zəhərlənən 1994-cü il təvəllüdlü Xaləddin İsmayılov müalicə aldığı xəstəxanada ölüb. Bu barədə onun qohumu Etiqad Quliyev ANS PRESS-ə məlumat verib.

Xatırladaq ki, dekabrın 12-də Ağdam rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb. Qidadan zəhərlənən bir ailənin yeddi üzvü dekabrın 12-də saat 13:30 radələrində Göyçay mərkəzi rayon xəstəxanasına aparılıb.

Ağdam rayonunun Mirzəli yatağı adlı ərazisində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü Məhəddin Hüseyn oğlu İsmayılov, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Tərlan Həsən qızı İsmayılova, qızları - 1995-ci il təvəllüdlü Səyalı İsmayılova, 1991-ci il təvəllüdlü Dürdanə İsmayılova, oğlanları - 1994-cü il təvəllüdlü Xaləddin İsmayılov, 2004-cü il təvəllüdlü Seyfəddin İsmayılov və qohumu, 1962-ci il təvəllüdlü Arzuman İnşallah oğlu Kərbəlalıyev qidadan zəhərlənib.

Müalicə üçün Ağcabədi mərkəzi rayon xəstəxanasından təcili və təxirəsalınmaz tibbi yardım maşınları ilə Bakıya aparılan xəstələrin vəziyyəti yolda daha da ağırlaşıb və onlar Göyçay mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Zəhərlənənlərdən Seyfəddin İsmayılov və bacısı Səyalı İsmayılova dünyasını dəyişib. Digər xəstələrin vəziyyəti isə ağırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar