Dəhşətli hadisəni görən mərhumun xalası oğlunun qorxudan dili tutulub.
Bu gün səhər saatlarında minaya düşən Qazax rayon Xanlıqlar kənd sakini 23 yaşlı Vəliyev Adil Habil oğlunun meyidi Qırmızı xac Komitəsinin iştiraki ilə axşam saat 16:30 radələrində neytral zonadan çıxarılaraq ailəsinə təhvil verildi.
Yaxınları onun ailəsi ilə ərazidə göy göyərti yığmağa gedərkən minaya düşdüyünü deyir. Adil ailəsindən 50 metr kənarda neytral ərazidə göy göyərti yığırmış.
Birinci partlayışdan sonra 10 dəqiqə sonra təkrar mina partlayışı eşidilib. Hərbçilərin məlumatına görə, birinci partlayışından sonra ayaqlarını itirən yaralı sarğı vasitəsilə ayağını sarıyıb sürünərək ərazidən çıxmaq istəyib. Bu istək isə növbəti 2-ci minanın partlamasına səbəb olub. Bundan sonra Adil qan itirmədən keçinib. Adilin yaxınları da birinci mina partlayışından sonra onun yaralı olduğunu və neytral ərazidən səsinin gəldiyini təsdiqləyiblər.
Dəhşətli hadisənin şokundan Adilllə birlikdə göy göyərti yığmağa getmiş xalası oğlu, 16 yaşlı Şirxan Rüstəmovun dili tutulub. Dərhal rayon mərkəzi xəstəxanasına çatdırılan Şirxan həkimlərin nəzarətinə götürülüb.
Həkim Qətibə Mustafayeva xəstənin qorxduğunu və bu qorxunun onun nitqinə təsir etdiyini bildirdi.
Xatırladaq ki, 13 gün əvvəl aprelin 2də də eyni kəndin sakini 47 yaşlı Sabir Kərimov həmin əraziyə yaxın yerdə minaya düçərək həyatını itirmişdi.