Qardaş qardaşı niyə qayçı ilə yaraladı?
26 Oktyabr 2010 Çərşənbə Axşamı 16:05
Hadisənin təfərrüatı məlum olub.
Kürdəmir rayonunda iki qardaş arasında baş verən cinayət hadisəsinin üstü açılıb. Zərərçəkən 27 yaşlı Elbrus Baxşıyevin anası Nərminə Baxşıyeva bildirib ki, qonşu kənddə keçirilən toy məclisində iştirak edən böyük oğlu Elxan evə qanı qara gəlib. O, oğlundan bunun səbəbini soruşanda məlum olub ki, oğlunun kefinə soğan doğrayan toydakı çalğıçılar olub. Belə ki, oynamaq üçün 5 manatından keçən Elxanın sifariş etdiyi mahnı çalınmayıb.

“Dedim ay bala, eybi yox. Çalmayıb-çalmayıb, qoy bir az da başqaları oynasın. Dedi ki, yox e... tez elə, mən 5 manat pul vermişəm o mahnıya. Mənə indi 4 manat ver. Dedim ki, a bala, mən toya getmişəm ki, sənə də pul verim? Sonra stolun üstündə çayı var idi, aşırdı yerə. Tutdu saçımdan. Birtəhər çölə çıxdım, gəldi dalımca. O, biri oğlum da yaxınlqda yaşayır. Qaçdım onlara tərəf”. deyə N. Baxşıyeva bildirib.

Elbrus Baxşıyevin sözlərinə görə, hadisə zamanı o, qonşunun başını qırxmağa gedirmiş: “Gördüm anamın qışqırıq səsi gəlir. Getdim əlindən almağa. Əlimdə də qayçı. Gördüm ki piyandır, qayçını atdım yerə. Onu əlimlə itələdim ki, eləmə yaxşı deyil. Elə bu anda o, qayçını yerdən götürərək üstümə hücum çəkdi və mənə dörd dəfə zərbə endirdi”.

Hadisədən sonra olay yerinə polis əməkdaşları gələrək hadisə yeri müayinə edilib, sərxoş qardaş şöbəyə, yaralı qardaş isə xəstəxanaya aparılıb.

Rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Sadiq Əfəndiyevin ANS-ə verdiyi məlumata görə, artıq 30 yaşlı Elxan Baxşıyev barəsində AR CM-nin 126.1-ci (Qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar