Qadını evində yandıran şəxslər tutuldu
13 Avqust 2014 Çərşənbə 17:10
Fevralın 20-də xüsusi amansızlıqla törədilmiş qətlin törədilməsində şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.
Respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bu il fevralın 20-də Gəncə şəhərində xüsusi amansızlıqla törədilmiş qətlin açılması və onun törədilməsində şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, bu il fevralın 20-də saat 20 radələrində Gəncə şəhər sakini Maral İsmayılzadənin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan yanmış meyiti aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Gəncə şəhər sakinləri Arzu Quliyev və Yusif Əliyev tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb ediliblər.
Aparılmış istintaqla müəyyən edilib ki, A. Quliyev və Y. Əliyev qabaqcadan cinayət əlaqəsinə girərək özləri ilə maska, əlcək, yapışqanlı lent və armatur parçası götürüb şəhərdə imkanlı şəxs kimi tanıdıqları Maral İsmayılzadənin yaşadığı evə gəlib, ev sahibəsinə qarşı zor tətbiq etməklə pul və qızıl-zinət əşyalarını verməsini tələb ediblər.
M.İsmayılzadə qiymətli əşyalarının olmadığını, pulların isə bankda olduğunu bildirdikdə, onlar mənzili axtarsalar da, istədiklərini tapa bilməyiblər. Törətdikləri cinayətin izlərini gizlətmək məqsədi ilə A. Quliyev və Y. Əliyev ev sahibəsinin üzərinə neft məhlulu tökərək yandırdıqdan sonra evi tərk ediblər.
İstintaq zamanı o da müəyyən edilib ki, A. Quliyev 2014-cü ilin mart-avqust aylarında özünə məxsus həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə də məşğul olub. Onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 633 kiloqram 300 qram olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
A. Quliyev və Y. Əliyev tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsində əsaslı şübhələr olduğundan onlara Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.6 və 120.2.11 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: