Prokurorluq sms cinayəti ilə bağlı açıqlama yaydı
21 Sentyabr 2013 Şənbə 13:31
Həyat yoldaşını iki yumruqla öldürən Şahin Əliyev saxlanılıb.
Bakı Şəhər Prokurorluğu paytaxtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 18-də saat 14:00 radələrində paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində su kanalından üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ölən qadının 1991-ci il təvəllüdlü Namazova Şəbnəm Kərəm qızı olduğu müəyyənləşdirilib. Rayon Prokurorluğu və Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1988-ci təvəllüdlü Əliyev Şahin Mirsəməd oğlu tutularaq istintaqa cəlb olunub.
Ş.Əliyev sentyabrın 18-də səhər saatlarında qeyri-rəsmi nikahda yaşadığı Ş. Namazova ilə metropolitenin “Koroğlu” stansiyası yanında görüşüb. Onlar avtobusla Yeni Suraxanı qəsəbəsində Zeytun Bağları adlanan əraziyə gediblər. Orada aralarında yaranmış mübahisə zamanı Ş. Əliyev Ş. Namazovanın boğaz nahiyəsindən yumruqla iki dəfə vurub, öldüyünü yəqin etdikdən sonra meyiti yaxınlıqdakı su kanalına atıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: