Polis dəhşətli toyla bağlı məlumat yaydı
30 Avqust 2013 Cümə 14:14
Toyda iki nəfər güllələnib.
Daxili İşlər Nazirliyi Balakəndə toy zamanı baş verən silahlı insidentlə bağlı məlumat yayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 30-da Balakən rayonundakı "Nərmin" şadlıq sarayında keçirilən toy məclisində Qullar kənd sakini İbrahim Muqumov ilə Rusiya Federasiyası vətəndaşı Səbuhi Rəhimov arasında münaqişə baş verib və sonradan onlar şadlıq sarayının həyətinə çıxıblar.
Orada İ.Muqumov tapançadan atəş açaraq S.Rəhimova və hadisə yerinin yaxınlığında olan onun dostu, Mahamalar kənd sakini Müsənnif Layıcova qarın nahiyələrindən xəsarət yetirib hadisə yerindən qaçıb.
M.Layıcov və S.Rəhimov xəstəxanaya yerləşdiriliblər.
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Muqumov tutulub, hadisəni törədərkən istifadə etdiyi "Akdal" markalı tapança və 4 ədəd güllə ondan götürülüb.
DOSTLARINLA PAYLAŞ: