Moskvada toy karvanında atəş açan azərbaycanlı daha 6 ay həbsdə qalacaq
10 Dekabr 2012 Bazar Ertəsi 15:31
Mahiyyəti üzrə işin dinlənməsi dekabrın 18-nə nəzərdə tutulub
Moskvada toy karvanında travmatik tapançadan atəş açan18 yaşlı azərbaycanlı Seymur Nəbizadənin həbs müddəti uzadılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Moskvanın Nikulin rayon məhkəməsi qərar verib.

Məhkəmə nümayəndəsinin sözlərinə görə, S.Nəbizadənin iş ilə bağlı ilkin dinləmə keçirilib. Məhkəmə ittiham edilənin həbsdə qalma müddətini daha 6 ay uzadıb. Mahiyyəti üzrə işin dinlənməsi dekabrın 18-nə nəzərdə tutulub.

Xatırladaq ki, Seymur Nəbizadə Moskvada toy karvanında sevincindən emosiyalarını saxlaya bilməyərək, havaya 5 dəfə atəş açıb. S. Nəbizadə noyabrın 12-də saxlanılıb. Hadisə zamanı saxlanılan digər 8 nəfərə qarşı inzibati tədbirlər görülüb və onlar sərbəst buraxılıb. Seymur Nəbizadə indiyənədək toy karvanında atəş açmağa görə, cinayətə cəlb olunmuş ilk şəxsdir.

Seymur Nəbizadə daha əvvəl mühakimə edilmədiyini və cəmiyyət üçün təhlükəli olmadığını bildirib və ona ev həbsi verilməsini xahiş edib. Müttəhimin vəkili də onun 100 000 rubl, təxminən 3000 dollardan artıq pulla zəmanət qarşılığında azad edilməsini, yaxud da ev həbsində saxlanmasını xahiş etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar