Masallı sakini dələduz falçı yaxalandı
28 May 2013 Çərşənbə Axşamı 12:15
Faktla bağlı cinayət işi başlanıb.
Masallıda falçılıqla məşğul olay rayon sakini saxlanılıb. Bu barədə Masallı rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Ramin Əhədov APA-ya məlumat verib. Onun sözlərinə görə, RPŞ-ə daxil olan şikayət ərizəsinə müvafiq olaraq əməliyyat-istintaq tədbirləri həyata keçirilib və nəticədə rayonun Mollaoba kənd sakini, 31 yaşlı Ədilə Zəfər qızı Nəzərova dələduzluq faktına görə yaxalanıb.
Araşdırmalardan məlum olub ki, falçılıqla məşğul olan bu qadın insanların etibarından sui-istifadə etməklə onlara məxsus qızıl-zinət əşyalarını mənimsəyib. Zərərçəkənlərdən rayonun Mahmudavar kənd sakini, 49 yaşlı Nazilə Əbdülsabir qızı Həsənova da dələduzluğun qurbanı olub. Belə ki, Ə.Nəzərova fala baxmaq üçün N.Həsənovanın evinə gələrək, ona qızıl-zinət əşyalarını palçığın içərisində gizlədib, yalnız 40 gündən sonra açılmasını tələb edib. Falçı çıxıb getdikdən sonra qızıllarının palçığın içində olub-olmamasını dəqiqləşdirmək istəyən N.Həsənova orada konfetdən savayı heç nəyin olmadığını görüb – «müştərisinin» fikrini yayındıran falçı qadın cibinə basdığı qızılların yerində palçığın içinə konfet və qənd qoyaraq qaçıb.
Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Ə.Nəzərova dələduzluq əməlinə görə 2008-ci ildə də Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunub.
DOSTLARINLA PAYLAŞ: