Masallı bazarının müdiri həbs olunub
20 Noyabr 2009 Cümə 13:20
Azərbaycanın Masallı rayon bazarının rəhbəri, iş adamı xuliqanlıqda ittiham olunaraq həbs edilib.
APA-nın xəbərinə görə, bunu Milli Məclisdə jurnalistlərə açıqlamasında millət vəkili Əhəd Abıyev bildirib. Əhəd Abıyev deyib ki, bazarın rəhbəri Çingiz Haşımov oğlu Yavərlə birgə həbs olunub və onların barəsində cinayət işi açılıb: “Guya söhbət hansısa döyülmə faktından gedir. Halbuki döyüldüyü bildirilən adamlar belə bir fakt olmadığını deyiblər”.

512 seçicisinin məsələ ilə bağlı ona müraciət etdiyini bildirən deputat qeyd edib ki, o da öz növbəsində hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına məlumat verib. Əhəd Abıyevin sözlərinə görə, Ç. Haşımov bələdiyyə üzvlüyünə namizəd olub: “Ola bilər ki, bu seçkilərdən əvvəl hansısa narahatlıq yaradılmasına xidmət edir. Onlar mənim seçicilərimdir. İstəyirəm ki, məsələ obyektiv araşdırılsın. Mənə elə gəlir ki, məsələ obyektiv araşdırılsa, həbs olunanların günahsızlığı üzə çıxar”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar